Toxumçuluğun İnkişaf Perspektivləri

Toxumçuluğun məqsədi yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, habelə xəstəlik, zərərverici və müxtəlif iqlim şəraitinə dözümlü bitki sortları yetişdirmək və onların çoxaldılmasını təmin etməkdir. Ölkəmizdə toxumçuluğun inkişafı üçün lazımi şərait vardır. Əsasən də son illər bu sahəyə daha çox diqqət və dəstək hiss olunur.

Toxumçuluq fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir:

• Sortun səciyyəvi xüsusiyyətlərini təyin etməyə imkan verən fərqlilik, oxşarlıq, sabitlik və digər əlamətlərin qorunub saxlanması;

• Toxum istehsalında təsdiq edilmiş becərilmə sxemlərinə riayət olunması;

• İstifadə olunan sort üzərində müəllifin və patent sahibinin hüquqlarının qorunması;

• Toxumların sertifikatlaşdırılmasının məcburiliyi;

• Sortun rayonlaşma qaydalarına əməl edilməsi.

İlk öncə ən mübahisəli məsələrdən birini aydınlaşdıraq: Hibrid və GMO toxum! Əslində, burada hər şey çox sadədir. Toxum sortlarının bir-birinə oxşamayan valideyn xətlərinin çarpazlanması nəticəsində əmələ gələn nəsil hibriddir. Hibridlər toxum növlərinin adlarının qarşısına və ya arxasına F1 (fenotip) yazılmaqla ayırd edilir. GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodlarından istifadə olunaraq seleksiya zamanı bəzi gen xüsusiyyətlərinin süni dəyişdirilməsi ilə yaranan sortlardır. Beləliklə, hibrid toxumlar tam təbii yolla alınan və insan orqanizmi üçün heç bir zərəri olmayan toxumlardır. Bunları GMO ilə qarışdırmamaq lazımdır. “AZSEEDS” MMC toxum idxalı və topdan satışı profili üzrə yaradılmışdır. Şirkətimiz Cənubi Koreyanın Nongwoo Bio, Rusiya Federasiyasının Gavriş, Niderland Krallığının Monarkh Seeds, ABŞ-ın Crookham və Hollar kompaniyalarının Azərbaycanda rəsmi və eksklüziv təmsilçisidir. Bu şirkətlər dünyada tanınmış seleksiyaçı və istehsalçı şirkətlərdir. Biz sadəcə toxum satışı ilə məşğul olmur, həmçinin böyük istixanalara professional aqrokonsultasiya xidməti də göstəririk. Şirkətimizdə çalışan mütəxəssislər hər zaman fermerlərə dəstək olurlar. Bununla yanaşı, şirkətimiz ölkə daxilində bir çox dövlət və özəl müəssisələrlə əməkdaşlıq edir. Məsələn, AMEA Genetik Ehtiyatlar İnstitutu ilə birgə hər il təqribən 200-ə yaxın yeni sort və hibridlərin sınağı həyata keçirilir. Biz həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Aqrar Xidmətlər Agentliyinə (AXA) hər zaman təklif və layihələrimizi irəli sürürük. Bu gün işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı ilə bağlı fəal müzakirələr gedir və çoxsaylı analizlər edilir. Rəsmi statistikada məlumat az olduğuna görə müstəqil ekspertlər üçün hərtərəfli analiz aparmaq hələlik çətindir. Bu bölgələrdə aqrar sektorun potensialı böyükdür. Yeddi rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümümi sahəsi 535 min hektar təşkil edir. Ağdam, Füzuli və Cəbrayıl, əsasən bitkiçilik üçün əlverişlidir. Bu 3 rayonun kənd təsərrüfatına yararlı toraqlarının ümumi sahəsi 290 min hektar təşkil edir. Təxminən üçdə ikisi əkinə yararlı, yerdə qalanı isə örüş və biçənək əraziləridir. İşğaldan azad edilmiş torpaqlarımız həm əkinçilik, həm də heyvandarlığın inkişafı üçün zəngin imkanlara malikdir. Zəngilan və Qubadlı rayonlarında 67 min hektar, Kəlbəcər və Laçın rayonlarında isə 180 min hektar ərazi kənd təsərrüfatına yararlıdır. Şirkətimizin 2021-ci il üçün hədəfi Azərbaycanda bəzi sort və hibridlərin istehsal bazasının yaradılmasına başlamaqdır. Bu məqsədlə artıq ilk addımlar atılmış və layihələr təqdim edilmişdir. Layihələrdən birinin işğaldan azad olunmuş Qubadlı rayonu ərazisində həyata keçirilməsi planlaşdırılır. Bu rayon öz iqliminə görə məhz toxumçuluq üçün çox əlverişlidir. İnanırıq ki, Azərbaycan Respublikası tezliklə təkcə meyvəçilik və tərəvəzçilik sahəsində yox, həmçinin toxumçuluq sahəsində rəqabətə iddialı bir ölkə olacaqdır.

Orxan İsgəndərli

"AZSEEDS" MMC-nin direktoru