Beynəlxalq Meyvə və Tərəvəz İli (Bmti-2021)

BEYNƏLXALQ MEYVƏ VƏ TƏRƏVƏZ İLİ (BMTİ-2021)

2021-ci il Beynəlxalq Meyvə və Tərəvəz İli kimi elan olunmuşdur. Bu da qida təhlükəsizliyi, sağlamlıq və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması baxımından unikal bir fürsətdir. Meyvə və tərəvəzlər sağlamlıq üçün əhəmiyyətli dərəcədə faydalı olan əsas vitamin və minerallarla zəngindir.

 

 

Beynəlxalq Meyvə və Tərəvəz İlinin məqsədləri:

  • Meyvə və tərəvəzlərin davamlı istehsalının qida və sağlamlığa faydaları barədə məlumatlılığın artırılması;
  • Qida məhsullarının xarab olmasının qarşısının alınması;
  • Sağlam həyat tərzinin təbliğ edilməsi.

Meyvə və tərəvəzlər immun sistemini gücləndirməklə yanaşı, sağlamlıq üçün çox faydalıdır. Məhz bu səbəbdən yoluxucu xəstəliklərlə mübarizədə mühüm əhəmiyyət kəsb edir. Həmçinin sağlam qidalanmanın ayrılmaz hissəsi kimi gündəlik qida rasionumuzda mütləq olmalıdır.

Rifah səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, meyvə-tərəvəz istehsalı fermer təsərrüfatları və icmaların həyat keyfiyyətinin artması, həmçinin biomüxtəlifliyin qorunmasına da köməklik göstərir. Ümumi çəkisi 400 qramdan az olmamaqla gündə 5 porsiya meyvə-tərəvəz yemək tövsiyə olunur.

Gün ərzində qəbul edilən 400 qram meyvə-tərəvəz aşağıdakı təhlükələri azaldır:

  • Ürək-damar xəstəliyindən ölmə riski – 28% ;
  • Xərçəngin inkişafı riski – 13% ;
  • Vaxtından əvvəl ölüm riski – 31%.

Meyvə-tərəvəzlər karbohidrat, üzvi turşu, duz, vitamin və mineral maddələrlə zəngin olan vacib qida məhsullarıdır. Lakin mikroorqanizmlərin təsiri ilə təzə meyvə və tərəvəzlər sürətlə xarab olur. Bununla əlaqədar olaraq xammalın istehlak müddəti qısalır. Meyvə və tərəvəzlərin yetişməsi mövsümi xarakter daşıdığından və əsasən isti aylara təsadüf etdiyindən istehlak müddəti bir qədər də qısalmış olur. Nəticədə istehsal olunan məhsul dəyərindən xeyli aşağı qiymətə satılır və ya xarab olduğuna görə atılır. Bütün bunların baş verməməsi üçün məhsullar konservləşdirilməlidir.

Çürümə, oksidləşmə və qıcqırma mikrobioloji proseslərdir. Bəzən meyvə və tərəvəzlər mikrob olmayan şəraitdə belə xarab ola bilir. Bu hadisə məhsula xas olan müxtəlif biokimyəvi proseslər nəticəsində baş verir. Həmin proseslər fermentlərin iştirakı ilə gedir. Odur ki, meyvə-tərəvəzləri xarab olmadan qorumaq üçün mikrobların məhv olub inkişaf edə bilmədiyi, həmçinin biokimyəvi prosesləri tənzimləyən fermentlərin formalaşmadığı saxlanma şəraiti yaradılmalıdır.