Son illərdə dünyada armudun yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı çoxlu sayda sortları yaradılmışdır. Armud bitkisi alma bitkisinə nisbətən kiçik areala malikdir. Buna görə də hər bir region üçün seçilmiş armudun klon calaqaltılarının sayı azdır. Armud bağlarında calaqaltı kimi heyva klonlarından istifadə edilir. Klon calaqaltıların bəzi sortlarla uyuşmaması və şaxtaya davamlı olmaması onun mənfi cəhətləridir.
Klon calaqaltıların müsbət xüsusiyyətləri aşağıdakılardır:
BA-29
Fransada Anjer Təcrübə Stansiyasında yaradılmışdır. Quraqlığa davamlı, orta boylu və torpağa az tələbkardır. Bağda ağacların yaxşı böyüməsi, məhsula tez düşməsini təmin edir. Şaxtaya davamlıdır və pöhrələrlə çoxalır.
OHF 333
Ortaboylu calaqaltıdır. Toxmacar calaqaltıya birləşdirilmiş 65-75% armud ağaclarında çətir əmələgətirmə qabiliyyəti vardır. Ağır gillicəli torpaqlarda əkilməməsi daha məqsədəuyğundur. Viruslara qarşı olduqca həssasdır. BA-29 calaqaltısına nisbətən möhkəm kök sisteminə malik olsa da, meyvəvermə qabiliyyəti aşağıdır.
CLS 212
İtaliya Ağac Bitkiləri İnstitutunda A formalı heyva ilə alçanın çarpazlaşmasından əmələ gəlmişdir. Şaxtaya davamlıdır. Odunlaşmış çiliklərlə çoxalır və tez məhsula düşür.
UC 2-10
Ukrayna Bağçılıq İnstitutunda seleksiyaçı alimlər İ.M.Kovt və R.P.Drozdenko tərəfindən yaradılmışdır. Armudun əsas sortları ilə bitişmə qabiliyyəti yüksəkdir. Şaxtaya davamlıdır və pöhrələrlə çoxalır. İkinci ildə bir ana klon 17 ədəd standart pöhrə verir. Calaqaltı kimi yüksək boy və standarta uyğun ting çıxımını təmin edir.
Armud bitkisi üçün klon calaqaltıların yaradılması üzrə dünya miqyasında işlər davam etdirilir. Belə ki, heyva toxmacarlarından seçmə yolu ilə vegetativ üsulla asan çoxalan, əksər armud sortları ilə normal uyuşma qabiliyyətinə malik heyva formaları və vegetativ üsulla çoxaldılan hibrid formaları əldə edilmişdir.
Almaniyada armud bitkisinin klon calaqaltısı kimi heyvanın BA-29, Sydo və Adams, İspaniya və İsveçrədə isə A, S və BA-29 formalarından daha çox istifadə olunur.
Yeni armud sortu yaratmaq üçün mütləq seleksiya proqramı tərtib olunmalıdır. Bu proqramda sortun keçdiyi hər bir mərhələ və müddət nəzərə alınmalıdır.
Yeni armud sortu yaradılması üzrə seleksiya prosesi
MƏRHƏLƏ
|
MÜDDƏT |
Valideyn cütlərinin hibridləşməsi |
1 il |
Toxumların səpilməsi |
1 il |
Toxmacarların tingliyə köçürülərək əkilməsi |
2 il |
Perspektivli hibrid formalarının seçilməsi |
3 il |
Tinglərin əkilməsi və məhsulun alınması |
6-8 il |
Seçilmiş tinglərin istehsalı |
2 il |
Müşahidələrin sonunda sınağa cəlb olunmuş 10 ədəd hibrid formalarından biri seçilir. Seçilmiş bu sort ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən istifadəsinə icazə verilməsi üçün Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilir.
Armud bitkisinin seleksiyası mürəkkəb prosesdir. Seleksiya prosesi üçün maliyyə vəsaiti məbləğinin əvvəlcədən dəqiq hesablanması tələb olunur. Nəticədə həm maya dəyəri müəyyənləşdiriləcək, həm də xərclərin ödənilməsi təmin ediləcəkdir.
Vahid Əliyev
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda direktor müavini
Aqrar elmlər üzrə fəlsəfə doktoru