Alma Sortlarının İqtisadi Səmərəliliyi

Dünyanın müxtəlif bölgələrində almanın 3 növü mədəni halda becərilir. Bunlar Mədəni alma, Sibir alması və Yabanı yarpaq almasıdır. Alma bitkisinin tərkibində olan karbohidratlar, üzvi turşular, yağlar, mineral duzlar, zülal maddələri, fermentlər və vitaminlər insan orqanizminin normal böyüməsi və inkişafı üçün zəruridir. Həmçinin tərkibində sortlardan asılı olaraq 11-16,9% quru maddə, 9,6-13,3% şəkər, 0,18-0,17% turşuluq və C vitamini vardır.

Ölkəmizdə alma bağlarından yüksək məhsul götürülməsi və bağçılıq mədəniyyətinin inkişaf etdirilməsi kompleks aqrotexniki tədbirlərin elmi əsaslara uyğun tətbiqindən asılıdır. Bu tədbirlər içərisində bağlarda cərgəarası torpağın saxlanması, gübrələnməsi və suvarılması mühüm əhəmiyyətə malikdir.

Bağçılığın intensiv inkişafı vahid sahədən daha yüksək məhsuldarlıq əldə etmək deməkdir. Buna görə də meyvəçilik bağ sahələrinin artırılması ilə deyil, hər bir hektarda ağacların sayını artırmaq hesabına inkişaf etdirilməlidir.

Son illərdə dünyada alma istehsalı 66,8% artmışdır. Almanın 20 min sortu məlumdur. Azərbaycanda Fəximə, Şirvan reneti, Papirovka, Melba, Sarı Belfler, Cır Hacı, Sarı turş, Simirenko reneti, Qolden Delişes, Qızıl Əhmədi, Şampan reneti, Red Delişes, Qrani Smit, Fuji, Conaqold, Ağ renet və Spur tipli introduksiya olunmuş sortlar becərilir. Alma şaxtaya davamlı bitkidir. Meyvələrin yaxşı yetişməsi üçün payızın əvvəllərində temperaturun yuxarı olması tələb olunur. Həmçinin bu bitki işıq və rütubətə də tələbkardır. İllik yağıntıların miqdarından asılı olmayaraq vegetasiya dövründə yağıntı olmadıqda bitkilər mütləq suvarılmalıdır. Bu bitki toxumla və vegetativ üsulla çoxaldılır. Keyfiyyətli meyvə tingləri yetişdirilməsində standart calaqaltıların böyük əhəmiyyəti vardır. Ona görə də tarlada daha yaxşı inkişaf etmiş calaqaltılar əkilməlidir.

Bağlarda cərgə aralarının saxlanması və becərilməsinə dair tədqiqatlar Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun H.Zərdabi adına Elmi-Təcrübə Bazasında 1,6 hektar ərazidə aparılmışdır. Təcrübələr təbii çəmənlik və qara herik fonunda aparılmışdır. Hər fon daxilində 7 variant sınaqdan keçirilmişdir. Tədqiqatın əsas məqsədi cərgəarası torpağın saxlanması üsulunun alma sortlarının iqtisadi səmərəliliyinə təsirini aydınlaşdırmaqdır.

Təbii çəmənlik fonuna nisbətən qara herik fonunda məhsuldarlıq daha yüksək olmuşdur. Belə ki, 1 sentner məhsulun maya dəyəri sintetik örtük ilə mulçalama variantında ucuz başa gəlmişdir. Həmçinin 1 hektardan alınan mənfəət və rentabellik səviyyəsi də daha yüksək olmuşdur. Tədqiq olunan variantlar arasında Red Delişes alma sortunda rentabellik səviyyəsi 131,8% təşkil etmişdir. Bu da digər variantlardan üstündür. Bu üstünlük təbii çəmənlik fonunda da təkrarlanır və rentabellik səviyyəsi 121,7%-ə bərabər olmuşdur.

Teymur Kərimov
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsində baş elmi işçi
Aqrar elmlər üzrə fəlsəfə doktoru