Müasir Ting İstehsalı

“AZƏRTİNG” MMC (Məhdud Məsuliyyətli Cəmiyyəti) kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair “Azərbaycan 2020: gələcəyə baxış” dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, ting bazarının inkişaf etdirilməsi və yerli istehsal potensialının gücləndirilməsi məqsədilə yaradılmış şirkətdir. Şirkətimiz 2019-cu ildən etibarən fəaliyyət göstərir. Əsas hədəfimiz ixracyönümlü məhsulların istehsalı, idxaldan asılılığın azaldılması, eləcə də intensiv bağçılıqda meyvə tinglərinə olan tələbatı nəzərə alaraq ting istehsalını artırmaqdır. Şirkətimiz güclü mütəxəssislər tərəfindən müasir texnologiyalar əsasında keyfiyyətcə yaxşılaşdırılmış, ətraf mühitin biotik və abiotik amillərinə qarşı davamlılığa malik müxtəlif növ meyvə bitki tinglərinin istehsalı və satışı təşkil edilir. Xarici və yerli bazarlarda ixracın zənginləşdirilməsi də vacib məsələdir. Son illər fermer və sahibkarlar daha çox sərbəst fəaliyyət göstərirlər. Lakin aqrotexniki üsullarla bağlı biliklərin lazımi səviyyədə olmaması onların formalaşmasına mane olduğundan bazar iqtisadiyyatının tələblərinə uyğun istehsalın sərbəst idarə edilməsində çətinlik çəkirlər. Buna görə də torpağın əkib-becərilməsi, münbitləşdirilməsi və suvarılması ilə bağlı məsləhət və xidmətlərin göstərilməsinə zərurət yaranmışdır. Bu tələblərə uyğun olaraq ölkəmizdə fəaliyyət göstərən fermer və sahibkarların ehtiyacları üçün aqroservis xidmətlərinin yaradılmasına ehtiyac vardır.

Xidmətlərin kataloqu
• Bağlarda aqrotexniki xəritənin hazırlanması;
• Yeni bağların salınması;
• Bar verən bağlara aqrotexniki xidmətlərin
kompleks şəkildə aparılması;
• Sahənin birinci və ikinci dəfə şumlanması;
• Cərgəarası kultivasiyanın aparılması;
• Mineral və üzvi gübrələrin verilməsi;
• Sahənin suvarılması;
• Alaq otlarına qarşı mübarizənin aparılması;
• Xəstəlik və zərərvericilərə qarşı kimyəvi
mübarizənin aparılması.

Bundan əlavə, şirkətimiz bağçılıq sahəsində bir sıra dövlət qurumları, özəl və xarici şirkətlər, fərdi ting istehsalçıları və beynəlxalq ekspertlərlə əməkdaşlıq edir.
Məsələn, “AZƏRTİNG” MMC tərəfindən ərik meyvəsinin “Orange Ruby” sortundan ibarət superintensiv bağ salınmışdır. Həmçinin şirkətimiz alma, armud, badam, feyxoa, fındıq, gavalı, gilas, nar, qoz, şaftalı, zeytun tingləri və vegetativ calaqaltıların istehsalı ilə də məşğuldur. Respublikamızın cənub bölgələrində şirkətimiz tərəfindən 15 ha ərazidə çay plantasiyası və 50 ha ərazidə limon bağı salınmışdır. Həmin bağların salınmasında AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi) könüllüləri də yaxından iştirak etmişlər. “AZƏRTİNG” MMC böyük layihələri də uğurla həyata keçirir. Belə layihələrdən biri Şamaxı rayonunda üzüm bitkisinin 30 ha ərazidə filokseraya davamlı amerikan sortlarından ibarət tinglik sahəsinin salınması layihəsidir. Bundan başqa, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, “AZƏRTİNG” MMC VƏ “FRUİT PROJECT” MMC birgə Amsterdama giləmeyvə bitkilərinin
tingçiləri, istehsalçı və ixracatçıları üçün aqrotəlim turu təşkil etmişdir.