Üzüm bitkisi A, B1, B2, B6, PP, C vitaminləri və mikroelementlərlə zəngindir. Tərkibində olan qlükoza və fruktoza insan orqanizmi tərəfindən asan mənimsənilir. Torpaq-iqlim şəraiti, tənəyin yükvermə norması, torpaq xüsusiyyətlərindən asılı olaraq əkin sxemi müxtəlif olur. Ölkəmizdə tətbiq edilən 2,5x1,5 m əkin sxemli ənənəvi üçməftilli şpaler sistemində yerli sortlarımızın potensial məhsuldarlığı 17 tondan artıq olmur. Bayanşirə sortu istisnadır, bu sort 20-25 ton məhsul verir. Belə sistemdə xarici üzüm sortları nisbətən yüksək məhsuldarlıq nümayiş etdirir. Məsələn, Azərbaycanda geniş əkilib-becərilən Moldova sortu 30-35 ton məhsul verə bilir.
Üzümün çoxaldılması əsasən bitkinin irsi xüsusiyyətləri və fizioloji vəziyyətindən asılıdır. Bu prosesin uğurlu olması ana bitkinin yaşı, zoğların tənəkdəki yeri və anatomik quruluşu, regenerasiya qabiliyyəti, kəsilmiş zoğların saxlanma və əkildikdən sonra becərilmə şəraitindən asılıdır. Bütün bunları nəzərə alaraq tərəfimizdən tədqiq edilən sort və klonların birillik zoğlarının keyfiyyətinin qiymətləndirilməsi qarşıya qoyulan əsas
məqsədlərdən biri olmuşdur. Tədqiqat zamanı tənəklərdə müxtəlif yaruslarda yerləşən və fərqli diametrli birillik zoğların qələmləri əkilmişdir. Qələmlərdən əmələ gələn tinglərin inkişaf səviyyəsi və böyümə dinamikası izlənilmişdir.
Nəticədə orta hissədə yerləşən barsız zoğlardan əmələ gələn tənəklər III il, barlı zoğlardan əmələ gələn tənəklər III-IV il, uc hissədə yerləşən zoğlardan əmələ gələn tənəklər isə IV il tam məhsula düşmüşdür.
Tənəklər məhsuldarlıq göstəricilərinə görə bir-birindən fərqlənir. Tədqiqatlara əsasən müxtəlif mənşəyə malik olan tənəklərdə barlı zoğların miqdarı 19,4-50%, salxımların miqdarı 8-18 ədəd, zoğun bar əmsalı 0,31-0,82, bir tənəyin məhsuldarlığı isə 1,6-3,8 kq arasında dəyişmişdir. Üzümçülükdə xəstəlik və zərərvericilərin vurduğu ziyanı azaltmaq və minimuma endirmək üçün bir sıra mübarizə üsullarından istifadə olunur. Son zamanlar immunoseleksiya və fitosanitar seleksiya işləri daha çox aparılır.
Əkin materialının sağlamlaşdırılması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilməlidir:
• Anaclıq əkinlərə sistematik baxış keçirərək fitosanitar seleksiya üsulu ilə xəstə bitkilərin və yüksək məhsul verən sağlam tənəklərin seçilməsi;
• Sağlam tənəklərdə bioloji üsul və seroloji testlər vasitəsilə gizli virus xəstəliklərinin olub-olmamasının yoxlanılması;
• Klon tənəklərində olan virus xəstəliklərinin +38ºC temperaturla termoterapiya üsulu ilə müalicə edilməsi.
Üzüm tingləri bioloji kateqoriyadan asılı olaraq orijinal, elit və reproduksiyalı tinglərə bölünür. Orijinal və elit tinglərdə sort təmizliyi 100%-dən aşağı, reproduksiyalı tinglərdə isə sort təmizliyi 98%-dən aşağı olmamalıdır.
Üzüm tinglərinin aprobasiyası
Tingliyin aprobasiyasında məqsəd sağlam və keyfiyyətli əkin materialının istehsalıdır. İlk növbədə plana əsasən sortlar yerləşdirilir və tinglərin sorta uyğunluğu müəyyənləşdirilir. Sort qarışığı bir sortdan ibarətdirsə, nişanlama prosesi budama və ya rəngləmə vasitəsilə icra olunur.
Sort qarışığı bir neçə sortdan ibarət olarsa, hər sort müəyyən işarələrlə nişanlanır və aprobasiya aktına qeyd edilir. Aprobasiya zamanı bakterial xərçəng, qısabuğumluluq, infeksion xloroz və yarpaq qıvrılması kimi virus xəstəliklərinin əlamətləri olan tinglər araşdırılır. İlkin ting çıxımı zamanı 0,3 hektar sahədə 5-10 cərgədən bir yaxşı inkişaf etmiş tinglər müəyyənləşdirilir. Tinglərin inkişafı zəif, orta və yüksək kimi qiymətləndirilir. Payızda tinglər
çıxarılan zaman çeşidləmə aparılaraq əsas sort qarışıqdan təmizlənir. Seçilmiş sortlar isə keyfiyyətinə görə qruplaşdırılır.
Vüqar Səlimov
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru
Aqrar elmlər üzrə elmlər doktoru