İntensiv Bağçılığın İnkişafı Əsas Prioritetlərdən Biridir

Bildiyiniz kimi, Aqrar Subsidiya Şurasının qərarına əsasən 2021-ci ildə intensiv üsulla salınacaq portağal, naringi, limon, fındıq, zeytun və nar bağlarına görə birdəfəlik əkin subsidiyası ödəniləcək. Bu mexanizm ölkəmizdə ilk dəfə tətbiq olunduğuna görə sizə suallarımız olacaq.

İntensiv bağçılığın inkişafı üçün subsidiyaların verilməsi hansı tarixlərdə nəzərdə tutulub?

Müraciət edilən il salınan intensiv portağal, naringi, limon, nar, fındıq, zeytun bağlarına görə birdəfəlik əkin subsidiyasının alınması üçün fermerlər torpaq sahəsi üzrə faktiki əkinə dair bəyanları fevralın 1-dən iyunun 1-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər. Bəyan üzrə müəyyən olunmuş vaxt yekunlaşdıqdan sonra fermerlərin torpaq sahəsində aparılan monitorinq nəticələrinə uyğun olaraq iyun, iyul və avqust aylarında ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

Subsidiya almaq üçün şərtlər nələrdir və necə müraciət etmək olar?

Subsidiya üçün əsas şərt fermerin EKTİS-də qeydiyyatdan keçməsi, faktiki əkinə dair məlumatları sistemə daxil etməsi, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilməsi və damcı suvarma sisteminin qurulmasıdır. Birdəfəlik əkin subsidiyası üçün torpağın məqsədli təyinatının əkin, dinc, çoxillik əkmə olması, bundan əlavə, fındıq bağı üçün boş meşə fondu torpağı olması, dəniz səviyyəsindən 200-1500 m hündürlükdə dağlıq və dağətəyi torpaq olması, nar və zeytun bağları üçün torpağın şiddətli, çox şiddətli şorlaşmış, şoran, şiddətli şorəkətləşmiş olması və ya bonitet balı 20-dən aşağı olması başlıca şərtlərdir.

Bonitet balı 20-dən aşağı olan torpaqların sənədlərində məqsədli təyinat “digər”, “və s.” şəklində yazıla bilər və ya həmin bölmə boş buraxıla bilər. Müvafiq məlumatlar sistemə daxil edildikdən sonra fermerlər əkin subsidiyası üçün müraciət edə bilərlər.

Birdəfəlik əkin subsidiyası üçün nə qədər məbləğ ayrılıb?

Hər hektara görə limon bağlarına 11000 manat, portağal və naringi bağlarına 9000 manat, nar bağlarına 5000 manat, zeytun bağlarına 4900 manat, fındıq bağlarına isə 4400 manat birdəfəlik əkin subsidiyası ödəniləcək. Bu məbləğlərdən əlavə, bağ sahiblərinə hər hektara görə 700 manat əkin subsidiyası veriləcək.

Fermerlərə tövsiyələriniz nələrdir?

Fermerlərə EKTİS-də qeydiyyat zamanı torpaq sənədləri və bitki növü üzrə müəyyən olunmuş faktiki əkinə dair bəyanların vaxtında sistemə daxil edilməsi, habelə daxil edilmiş məlumatların düzgünlüyündən əmin olduqdan sonra subsidiya müraciətlərinin göndərilməsi tövsiyə olunur. Torpaq sahəsində bəyan edilən bitki subsidiya müraciəti göndərilənə qədər dəyişdirilə bilər. Buna görə də sistemdə torpaq sənədlərinə dair qeydiyyat, həmçinin əkin bəyanı vaxtında və düzgün aparılmalıdır.

 

Fərid Rəhimli
Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini