Yeni yaradılan bağçılıq təsərrüfatlarında daha çox intensiv və superintensiv bağların salınmasına üstünlük verilir. Ənənəvi üsulla salınan meyvə bağları daha çox insan əməyi tələb edirdi. Müasir meyvəçilikdə isə yeni texnologiyaların tətbiqi ilə ağaclar məhsula tez düşür, aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün çəkilən xərclər azalır, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizənin aparılması üçün proqnozlaşdırma və erkən xəbərdarlıq sistemlərindən istifadə olunur. Meyvəçilikdə vahid sahə üzrə alınan məhsulun miqdarı və keyfiyyətini artırmaq, həmçinin xərcləri azaltmaq rəqabətin ən vacib komponentlərindəndir. Meyvə bağlarının təsisi və idarə olunması üçün müxtəlif strategiyalar nəzərdən keçirilməlidir. Bağın salınması zamanı torpağın şəraiti və ağaclar arasındakı işıqlandırma vacibdir. Buna görə də alçaqboylu calaqaltıların istehsalı zərurətə çevrilir. Əsas hədəf aşağı xərclərlə daha yüksək gəlir əldə etməkdir.
Əvvəlki illərlə müqayisədə 2020-ci ildə ölkəmizdə meyvə bağlarının ümumi sahəsi 3% artmışdır. Meyvə bağlarının 85,8%-i ənənəvi, 13,1%-i intensiv və 1,1%-i superintensiv üsulla əkilmiş bağlardır.
2019-cu il 27 iyun tarixində Prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” barədə fərman vermişdir. Aqrar Subsidiya Şurası bu fərmana əsasən 2020-ci il üzrə bitkiçilik sahəsində regionlara görə əkin, məhsul və toxum əmsalları, ting kvotaları və ehtiyacların müəyyən edilməsi barədə qərar qəbul etmişdir. Alma, armud, gilas, gavalı, şaftalı, ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingi, xurma və nar bitkiləri üzrə 450 ədəd, limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 650 ədəd, fındıq bitkisi üzrə 330 ədəd, əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 330 ədəd tingin
əkildiyi bağlara subsidiyalar verilmişdir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən superintensiv tipli meyvə bağı layihəsi yaradılmışdır. Bu layihə əsasında Zərdabi adına Elmi-Təcrübə bazasının 15 ha sahəsində “Ağıllı bağ” salınmışdır. Layihə çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılmış və burada kompüter idarəetmə sistemi tətbiq olunmuşdur. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunur. Bağdakı əsas yeniliklərdən biri su mənbəyi üçün qazılan subartezian quyularının günəş panellərindən alınmış elektrik enerjisi ilə işləməsidir. Məhsul itkisinin qarşısının alınması məqsədilə günəş, yağış və şaxtaya qarşı örtük sistemlərindən istifadə olunur. Burada mərkəzi xəbərdarlıq sistemi də mövcuddur. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafına nəzarət olunur. Meyvə ağaclarının su və gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürülür. Nəticədə meyvə bağlarında məhsuldarlıq 30% artmış, məhsul itkisi isə 25% azalmışdır. Yaxın zamanda “Ağıllı bağ”da yerli alma
sortlarından Qızıl Əhmədi və seleksiya yolu ilə əldə olunmuş Sədəf sortunun superintensiv qaydada becərilməsi sınaqdan keçiriləcək.
İlham Qurbanov
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru
Biologiya elmləri üzrə fəlsəfə doktoru