Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.
Zəngilan rayonuna gedərkən Prezident İlham Əliyevin nitqi
Zəngilan rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır. Bura Zəngilan şəhəridir. Biz burada artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar ki, tamamilə dağıdılmışdır. Burada onların hərbi hissəsi və polis bölməsi yerləşirdi. Xaricdən gələn ermənilər də burada qanunsuz yaşayırdılar.
Bütün şəhərlərimizin baş planları hazırlanır. Bu planlar təqdim olunduqdan sonra müzakirə ediləcək. Daha sonra bərpa işlərinə başlanılacaq. Keçən dəfə Zəngilan şəhərinə gələndə bayrağımızı burada mən ucaltdım.
İlk öncə Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağıdılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir.
***
“Ağıllı kənd” layihəsi Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq. Layihənin icrası 5 komponent üzrə aparılacaq. Buraya yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri aiddir.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirmişdir. İşğaldan azad olunmuş ərazilərin dövlət başçımızın birbaşa təşəbbüsü və tapşırıqları ilə yenidən qurulması planlaşdırılır. Bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması da nəzərdə tutulub.
Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücü və qüdrətini nümayiş etdirmişdir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Cəbrayıl rayonunun Soltanlı kəndinə gələn Prezident İlham Əliyevə işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər barədə məlumat verildi. Hazırda əkin sahələrinin monitorinqi davam etdirilir. Əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər də veriləcək.
İndiyədək suvarılmayan 100 min hektar torpaq sahəsinə su verilməsi ilə 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edib məhsuldarlıq artacaq, fermer və kəndlilər daha çox pul qazanacaqdır. Həmçinin vaxt itirmədən payızlıq əkin də aparılacaq. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik və heyvandarlıq sürətlə inkişaf edəcək. Belə ki, qısa müddət ərzində bütün texnika və işçi qüvvəmizi səfərbər edərək 7 min hektarda əkin işləri aparılmışdır.
Bu il təqribən 20-25 min hektarda əkin işləri aparılacaq. İşğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. İşğalçılar bizim torpaqlarımızdan istifadə edib qanunsuz gəlirlər əldə edirdilər. Artıq buna son qoyuldu.
14.02.2021