Türkiyənin Kənd təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirlinin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər etmişdir. Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərdə Kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.
Nümayəndə heyəti əvvəlcə Füzuli rayonu ərazisində şəhid olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə əklil və gül dəstələri düzüblər. Səfər iştirakçıları Füzulidə dağılmış, ciddi ziyan görmüş evlərə, mülki obyektlərə baş çəkərək Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi torpaqlarında törətdiyi vəhşiliklərin və vandalizmin şahidi olublar.
Cəbrayıl rayonunun Soltanlı kəndinə gələn nümayəndə heyəti burada səpin prosesinə hazırlıq işləri ilə tanış olub. Kənd təsərrüfatı naziri İnam Kərimov ilə Türkiyənin Kənd təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirli toxumsəpən texnika vasitəsilə səpin prosesinin həyata keçirilməsi prosesini izləyiblər.
Azərbaycan və Türkiyənin birgə təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində “Qardaşlıq bağı” salınıb. Kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin Kənd təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirli, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev “Qardaşlıq bağı”nda meyvə tingləri əkiblər. Beş hektar sahədə yerləşən bağda ərik, alma, armud, gilas, albalı və digər meyvə tingləri əkilmişdir. Bağda ümumilikdə 2620 ting əkini həyata keçirilib.
Bəkir Pakdəmirli Türkiyənin işğaldan azad edilən ərazilərdə aqrar sahənin inkişafına dəstək verəcəyini vurğulayıb:
“Səfər zamanı aqrar sahənin inkişafı üçün böyük potensialın olduğunu gördük. Bu ərazilərdə əvvəllər bitkiçilik, meyvəçilik və heyvandarlıq sahəsinə diqqət ayrılıb. Burada aqrar sahənin bərpası və inkişafı, emal sənayesinin qurulması, enerjinin planlanması ilə bağlı imkanlar vardır. Qarabağ bölgəsində aqrar sahənin inkişafı ilə bağlı dost və qardaş Azərbaycana dəstək bundan sonra da davam etdiriləcək”.
İnam Kərimov öz növbəsində işğaldan azad edilən ərazilərin aqrar potensialına toxunub:
“İşğaldan azad edilmiş ərazilər ənənəvi olaraq taxılçılıq, bitkiçilik, meyvəçilik və heyvandarlığın inkişafına görə qabaqcıl regionlardan olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 7000 hektardan artıq sahədə əkin aparılmışdır. Bu ərazilərdə yazlıq əkinlərə başlanılması da nəzərdə tutulur”.
Türkiyə aqrar sahədə müasir texnologiyalar tətbiq edən və yüksək nəticələr əldə edən ölkələrdən biridir. Ölkəmiz kənd təsərrüfatı sahəsində qardaş ölkə ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. İşğaldan azad edilən ərazilərdə innovativ texnologiyaların tətbiqi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi planlaşdırılır.