Soya dünyada geniş istehsal olunan əsas kənd təsərrüfatı məhsullarından biridir. Eyni zamanda uzun müddət Asiyada insanlar üçün əsas qida məhsulu olmuşdur. Soya zülalı yüksək keyfiyyətə malik olmaqla yanaşı, həm də ən ucuz protein mənbəyidir. Digər tərəfdən soya paxlasının sağlamlıq üçün bir sıra faydaları müəyyən edilmişdir ki, bu da soya məhsullarına tələbatın və marağın artmasına səbəb olur. 2008-ci ildə dünyada təxminən 77 milyon hektarda soya əkilmişdir. Həmin ildə onun istehsalı 221 milyon tondan çox olmuşdur ki, bunun da 50%-i ABŞ-ın payına düşür. 2008-ci ildə dünyada təxminən 77 milyon hektarda soya əkilmişdir. Həmin ildə onun istehsalı 221 milyon tondan çox olmuşdur ki, bunun da 50%-i ABŞ-ın payına düşür. Soya müxtəlif istiqamətlərdə, xüsusilə ərzaq, texniki və yem məqsədilə geniş istifadə olunduğundan mühüm əhəmiyyətə malikdir. Belə ki, soya unundan kolbasa, süd, şor, şirniyyat məmulatları, şokolad, kofe və s. hazırlanır. Soyadan sənayedə süni lif, plastik kütlə, yapışqan, lak, boyaq, sabun istehsalında da geniş istifadə olunur. Yüksək proteinə malik olduğu üçün birillik paxlalı bitkilər arasında soya xüsusi yer tutur. Yaşıl kütləsində 20%, dənində isə 55% zülal olması onun digər paxlalı bitkilərdən üstünlüyünü göstərir. Bununla yanaşı, soya dəninin tərkibində 27% yağ olduğuna görə ondan hazırlanan məhsullar yüksək kaloriyə malik olur. Hazırda soya zülal mənbəyi kimi və yağ istehsalına görə birinci yerdədir. Soya bitkisi sistin, lizin və triptofan daxil olmaqla insan orqanizminin normal inkişafı üçün lazım olan amin turşuları ilə zəngindir. Soyadan fərqli olaraq, digər paxlalı bitkilərin yetişmiş quru dənlərində amin turşularının miqdarı azaldığından keyfiyyət də azalır. Soya istilik və rütubət sevən bitkidir. Bu bitkinin normal böyüməsi və inkişafı üçün 17-27ºC istilik tələb olunur. Toxumların cücərməsi üçün torpaqda temperatur 10ºC-dən az olmamalıdır.
Bu bitki ən çox çiçəkləmə və dəndolma fazalarında su tələb edir. Çiçəkləmə fazası 15-40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edir. Bu bitki şoran və şorakət torpaqlardan başqa digər torpaqlar üçün əlverişlidir. Tədqiqatlarda müəyyən edilmişdir ki, müxtəlif coğrafi mənşəli bitki sortları əksər hallarda konkret aqroekoloji şəraitdə öz bioloji potensialını reallaşdıra bilmir. Bu baxımdan yerli şəraitə uyğunlaşan yeni sortların yaradılması istiqamətində seleksiya işlərinin aparılması və onların becərmə texnologiyalarının işlənməsi mühüm əhəmiyyət kəsb edir. Seleksiya üçün bitkinin vegetasiya dövrünün uzunluğu, məhsuldarlığı, bitkinin boyu, müxtəlif növ xəstəlik və zərərvericilərə qarşı davamlılığı, habelə dənin biokimyəvi tərkibi də vacibdir.
Tədqiqatın materialı kimi müxtəlif ölkələrdən introduksiya olunmuş 27 soya sortu, Kanada mənşəli 7 sort, Türkiyə mənşəli 14 sort, Avstriya-Sinara, Aqroyol, Krasnodar-68, Biyson, Bravo və Reqale sortları tədqiq edilmişdir. Bu sortların inkişaf dinamikası, hündürlüyü, məhsuldarlığı və keyfiyyət göstəriciləri öyrənilmişdir. Tarla təcrübələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında aparılmışdır. Təcrübə 400 m2 sahəni əhatə etmiş, birinci səpin mayın 4-də, ikinci təkrar səpin isə iyulun 2-də aparılmışdır. Səpinqabağı 1 hektar sahəyə 150 kq kompleks gübrə olan ammofos verilmişdir. Vegetasiya dövründə 6 dəfə suvarma və 2 dəfə kultivasiya işləri aparılmışdır. Tədqiqatın nəticələri soya bitkisinin məhsuldarlıq və keyfiyyət göstəricilərinin formalaşmasında səpin müddətinin mühüm rol oynadığını göstərir. Belə ki, orta hesabla introduksiya olunmuş soya sortlarının əsas səpinlərində təkrar səpinlərə nisbətən bitkilərin inkişaf dinamikası daha yüksək olmuşdur.