Afaq Layihəsi Çərçivəsində  Qadın Fermerlərə Dəstək  Tədbirləri Davam etdirilir.

 

“AFAQ – Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi kənd təsərrüfatında qadın sahibkarların sayının artırılması və onların inkişafı məqsədilə yaradılan layihədir.

Layihənin əsas məqsədi qadınların kənd təsərrüfatına əsaslanan biznes fəaliyyətlərini inkişaf etdirmək üçün informasiya, bilik və digər imkanlara çıxışını asanlaşdırmaq, həm özlərinin, həm də ailələrinin və kənd icmalarının sosial rifahının yaxşılaşmasına imkan yaratmaqdır.

 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən AFAQ layihəsi çərçivəsində qadın fermerlərlə görüşlər davam edir. Ağdam, Füzuli, Bərdə, Tərtər və İsmayıllı rayonlarından sonra aqrar fəaliyyətlə məşğul olan qadınlarla növbəti görüş İmişli rayonunda baş tutub.

 

Rayonun Şahverdili kəndində keçirilən görüşdə “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, “PAŞA Holding”in nümayəndəsi Bəyim İbrahimova və AFAQ layihəsinə müraciət etmiş qadın fermerlər iştirak ediblər.

Görüşdə çıxış edənlər həyata keçirilən bu sosial layihənin qadınlar arasında aqrar fəaliyyətə marağı artırdığını bildiriblər. Layihə icraçıları fərdi təsərrüfatlarda məhsul istehsalı və emalını daha düzgün təşkil etmək üçün qadın fermerlərin ehtiyaclarını öyrənib onları müvafiq avadanlıqlarla təmin edirlər.

Layihə çərçivəsində təlimlərə cəlb olunan qadınlar bildiriblər ki, müvafiq avadanlıqlarla təmin olunmaqla məhsul istehsalı və emalı prosesində keyfiyyət göstəricilərini artırmağa müvəffəq olacaqlar.

Daha sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər. Layihənin mərhələlərini uğurla tamamlayan 14 təsərrüfat sahibi əvvəlcədən aparılan qiymətləndirmələrə əsasən təsərrüfatlarının ehtiyacları üzrə separator, süd sağan aparat, dən üyüdən avadanlıq, yem üyüdən aparat və ot doğrayan avadanlıq ilə təmin olunub.

 

Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədilə icra edilir.

Bu günədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb.

Layihənin tələblərinə cavab verən ümumilikdə 82 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlarla dəstək göstərilmişdir. Layihə çərçivəsində dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.