Nar quru subtropik iqlim bitkisidir. Müxtəlif iqlim və torpaq şəraitinə uyğunlaşan bu bitki hazırda Avstraliyadan Cənubi Afrikaya, ABŞ-dan Çinə qədər çox geniş sahələrdə yetişdirilir.
Nar Punica cinsinin granatium növünə aid olan kol bitkisidir. Bu bitkinin meyvələri ən çox çərəz kimi yeyilir, habelə natural şirə, narşərab və digər qidaların hazırlanması üçün istifadə olunur. Meyvələrin tərkibində C vitamini, 14,5-21% şəkər, 0,2-4,5% turşu vardır. Bitkinin qabığından yaraları sağaltmaq, çiçəklərindən parça boyamaq və mürəkkəb hazırlamaq üçün istifadə edilir. Kolları isə dekorativ bağçılıqda bəzək məqsədilə becərilir. Nar 2-4 m hündürlükdə olmaqla, budaqlarında kiçik tikanlar vardır. Çiçək yatağı, kasacıq və ləçəkləri qırmızı rəngdə olur. Meyvəsi yalançı giləmeyvədir. Bu bitkinin çiçəyi uzun, qısa və orta sütuncuqlu olur. Bunlardan yalnız uzun sütuncuqlu çiçəklər meyvə verir.
Digər çiçəklərdə isə rüşeym kisəciyi inkişaf etmədiyindən onlar meyvə vermir və tökülür. Bitkiyə pis qulluq edildikdə əmələ gələn çiçəklərin çoxu qısa və ya orta sütuncuqlu çiçəklər olur ki, bu da məhsuldarlığa ciddi təsir göstərir. Nar bitkisi 40 ilə qədər meyvə verə bilir, istilik sevən bitkidir. Bu bitki, əsasən may ayının əvvəllərində çiçəkləyir, ancaq bu proses iyulun son günlərinə, hətta avqustun əvvəllərinə qədər də davam edə bilər. Bitkinin vegetasiya dövrü sortlardan asılı olaraq 170-220 gün, meyvələrin inkişaf dövrü isə 120-170 gün çəkir. Abşeron bölgəsində narın Azərbaycan gülövşəsi, Bala Mürsəl, Nazik qabıq, Vələs, Vir-1, Şirin nar, Turş nar kimi sortları pərakəndə qaydada əkilib becərilir.
Bala mürsəl
Kolunun boyu 3 m-ə qədər olur, meyvələri tünd qırmızı, dənələri orta iri və nazik uzunsov formadadır. Bu sort 46-51% şirə çıxımı verir, məhsuldarlığı isə hər koldan 30-50 kq-dır.
Azərbaycan gülövşəsi
Respublikanın bir çox bölgələrində əkilib becərilir. Meyvəsinin rəngi nisbətən açıq-qırmızıdır. Ağacların boyu 3-3,5 m-ə qədər olur. Meyvələrdən şirə çıxımı 50-55%, məhsuldarlıq isə hər kolda 35-45 kq-dır.
Nazik qabıq
Göyçay, Ağsu, Ağdaş, Xaldan rayonlarında xeyli yayılmışdır. Morfoloji əlamətlərinə görə Bala Mürsəl sortuna çox oxşayır. Şirə çıxımı 45-48% təşkil edir. Hər koldan orta hesabla 40-45 kq məhsul əldə etmək mümkündür.
Şüvəlan narı
Gec yetişən sortdur. Meyvələrinin çəkisi
200-250 qr, rəngi tünd qırmızı, dadına görə turşaşirindir. Tərkibində 14%-ə qədər şəkər, 2%-ə qədər turşuluq olur. Şirə çıxımı 40-43%, məhsuldarlıq isə hər koldan 40 kq-dır.
Şirin nar
Azərbaycanda ən çox təsadüf olunan sortdur. Ağ şirin, göy şirin kimi bir neçə növü mövcuddur. Meyvəsinin tərkibində 15% şəkər vardır. Şirə çıxımı 50%, məhsuldarlıq isə hər koldan 40 kq-dır. Yetişmə oktyabrın əvvəllərindən başlayır.
Apardığımız müşahidələrlə müəyyən edilmişdir ki, narın bir sıra sortları itmək təhlükəsi qarşısındadır. Bunlara Qaragilə, Şahnaz, Şüvəlan sortları aid edilir.
Hər il nar kollarına Dəmgil, Meyvə çürüməsi və Qabıq partlaması kimi xəstəliklər böyük iqtisadi ziyan vurur.
Cədvəldən göründüyü kimi, hər iki xəstəlik narın məhsuldarlığına güclü təsir edir və xeyli miqdarda məhsul itkisinə səbəb olur. Nar bağlarında ziyanlı orqanizmlərə qarşı müasir tələblərə cavab verən inteqrir mübarizə metodlarına mexaniki, aqrotexniki, bioloji və kimyəvi tədbirlər aiddir.
İnteqrir mübarizənin əsasını təşkil edən tədbirlərə nar əkinləri üçün sahənin düzgün seçilməsi, xəstəlik və zərərvericilərə qarşı davamlı sortların seçilib əkilməsi, torpağın aqrotexniki vəziyyətinin yaxşılaşdırılması, suvarma və budama işlərinin düzgün aparılması, alaq otlarının məhv edilməsi və məhsulun vaxtında yığılması daxildir.
Kimyəvi mübarizə tədbirlərindən zəruri hallarda istifadə olunmalı, bioloji mübarizə metodlarına isə geniş yer verilməlidir. Zərərli orqanizmlərin miqdarı pik həddə çatdıqda kimyəvi pestisidlərdən istifadə olunmalıdır. Bu tədbirlərin optimal dövrü və preparatların dozası hökmən nəzərə alınmalıdır.
Şəmsəddin Allahverdiyev
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
Abşeron Təcrübə Stansiyasında aparıcı elmi işçi
Biologiya elmləri üzrə fəlsəfə doktoru