Taxıl böcəyinə qarşı mübarizə tədbirləri

Respublikamızda sahələrə iqtisadi cəhətdən ən çox zərər vuran zərərvericilərdən taxıl böcəyi, siçanabənzər gəmiricilər, ziyankar bağacıq və çəyirtkəkimiləri misal göstərmək olar. 2021-ci il üçün məhsul verən əkinlərdə taxıl böcəyinə qarşı müşahidə işləri aparılmış və 26815,09 hektar ərazidə sirayətlənmə aşkarlanmışdır. Buna görə də əsasən Füzuli, Qax, Şəki və Zaqatala ərazilərində zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirləri görülmüşdür. Bəzi ərazilərdə ciddi artım dinamikası olmasına baxmayaraq, Aqrar Xidmətlər Agentliyinin mütəxəssislərinin dəstəyi ilə zərərvericinin artımı məhdudlaşdırılaraq fitosanitar sabitlik təmin edilmişdir.
Taxıl böcəyi sərtqanadlılar dəstəsinin karabid böcəklər fəsiləsinin Zabrus cinsinə daxildir. Bu cinsin adi taxıl böcəyi, böyük taxıl böcəyi və cənub taxıl böcəyi kimi növləri vardır. Taxıl böcəyi dəmyə ərazilərində geniş yayılmaqla, taxıla ciddi ziyan vurur. Nəticədə məhsul itkisi 20-30%, hətta 80%-ə çata bilir. Taxıl böcəyi ildə bir dəfə nəsil verir. Böcəyin uzunluğu 12-16 mm olub rəngi parlaq qara, qanadüstlüyü qabarıqdır.
Hər qanadüstlüyündə çökəkciklərdən formalaşan 9 şırım vardır. Erkəklərin pəncə ayaqları dişilərə nisbətən daha enlidir. Taxıl böcəyi avqustun sonu sentyabrın əvvəllərində yumurta qoyur. Yumurtalar torpağın nəmliyindən asılı olaraq 7-10 sm dərinliyə qoyulur. Hər komada 10-14 ədəd yumurta olur. Qışlamadan sağlam çıxan böcəklər yalnız yeni nəslin böcəkləri ilə eyni vaxtda yumurta qoymağa başlayır.

Bu böcəyin sürfələri üç yaş mərhələsi keçirir. Müxtəlif yaşlı sürfələr bir-birindən  baş kapsulun eni və bədən ölçülərinin böyüklüyünə görə fərqlənir. Sürfənin rəngi onun yaşı və qidalanma aktivliyindən asılı olaraq dəyişir. Sürfələr
III yaşın yarısına qədər yaşıl, qidalanmanın sonunda ağ, puplaşmadan əvvəl isə krem rəngində olur. Pupdan yeni çıxmış böcəklər bir gündən sonra parlaq qara rəngdə olur. Böcəklər də sürfələr kimi gecə həyatı keçirir.
Günəş batdıqdan sonra böcəklər gizləndikləri yerlərdən çıxaraq sünbüllərin dolmaqda olan dənlərini yeyir. Bu səbəbdən respublikamızda taxıl böcəyinə qarşı əsas kimyəvi mübarizə sürfə mərhələsində aparılır. Hazırda taxıl böcəyinin sürfələrinin sayı və yayılma arealını qeydə almaq üçün yerüstü müşahidə metodlarından istifadə edilir. Götürülmüş nümunələr diqqətlə nəzərdən keçirilir, sürfələr sayılaraq qeydə alınır. Nümunələrin heç birində zərərverici aşkar edilmədikdə isə sahə sirayətlənməmiş sayılır. 

Mübarizə tədbirləri:

• Eyni sahədə ardıcıl taxıl əkininə yol verdikdə sahə zərərverici ilə ciddi sirayətləndiyi üçün mütləq növbəli əkin tətbiq edilməlidir;
• Məhsul qısa müddətdə biçilib yığılmalı və itkiyə yol verilməməlidir;
• Bərk buğda sortlarının əkilməsi və şum altına fosforlu gübrələrin verilməsi taxıl böcəyi yayılmış sahələrdə müsbət effekt verir;
• Qara herik zərərvericinin sayının kifayət qədər azalmasına səbəb olur;
• Toxumlar əkin qabağı dərmanlanmalıdır;
• Səpindən qabaq tökülən dənlərdən çıxan yabanı taxıl cücərtiləri zərərvericinin qidalana bilməməsi üçün məhv edilməlidir.

Zərərvericilərə qarşı kimyəvi mübarizə zamanı Borey, Perfekto və Desis preparatlarından istifadə etmək məsləhətlidir.

Allahverdi Mustafayev
Aqrar Xidmətlər Agentliyi
Respublika Bitki Mühafizə və Zərərsizləşdirmə Mərkəzi
Zərərli orqanizmlərin monitorinqi və metodiki dəstək şöbəsinin müdiri