“Rəvan”- yarimpayizliq bərk buğda sortu

Buğda bitkisi ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm strateji əhəmiyyətə malikdir. Yumşaq buğdalardan fərqli olaraq bərk buğdalar xüsusilə makaron sənayesi üçün əsas xammal hesab olunur. Yumşaq buğda çörək bişirmək üçün, bərk buğda isə makaron istehsalı üçün keyfiyyətli unun mənbəyi kimi qiymətləndirilir. Bərk buğdalarda dənin bərkliyi və proteinin çox olması mühüm əhəmiyyət kəsb edir. Bir çox tədqiqatlarla müəyyən edilmişdir ki, yeni sortların yaradılmasında başlanğıc materialın rolu vacibdir. Başlanğıc materialın düzgün seçilməsi və onların məqsədyönlü olaraq hibridləşməyə cəlb edilməsi gələcəkdə yüksək məhsuldar və keyfiyyətli sortların yaradılmasının əsasını təşkil edir. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında Amerika mənşəli sort ilə yerli Ağbuğda 13 sortunun hibridindən fərdi seçmə yolu ilə Rəvan sortu yaradılmışdır.

Sünbülü qılçıqlı, prizmaşəkilli, orta uzunluqda və sıxlıqdadır. Sünbülcük pulcuqları ağ rəngli olub yumurtavari formadadır. Bu sortun qılçıqları sünbüldən 1,5 dəfə uzun, sünbülə paralel və qara rənglidir. Döyülməsi asandır. 1000 ədəd dənin kütləsi 40,8-44,5 qramdır. İllərdən asılı olaraq dənin şüşəvariliyi 95-100% arasında dəyişmişdir.

Tədqiqat illərində Rəvan sortu Cəlilabad Bölgə Təcrübə Stansiyasının boz şabalıdı torpaqlarında Bərəkətli-95 sortu ilə müqayisəli formada öyrənilmişdir. Xəstəliyə tutulma və zərərvericilərlə zədələnmə faizinə görə Rəvan sortu Bərəkətli-95 sortundan davamlı olmuşdur. Həmçinin Rəvan sortu Qonur və Sarı pas xəstəliklərinə qarşı tam davamlılıq göstərmişdir.

Bitkinin boyu 85-90 sm-dir. Bioloji cəhətdən yerli bərk buğda sortlarına oxşayır, ortayetişəndir. Vegetasiya müddəti 211-214 gün olub standart Bərəkətli-95 sortundan 4-5 gün tez yetişir.
Bu sort biotik və abiotik amillərə davamlılığı, yüksək məhsuldarlıq və dən keyfiyyətinə görə digər standart sortlardan üstündür. Sort bölgə üçün qəbul olunmuş becərmə texnologiyası ilə becərilməlidir. Təsərrüfat şəraitində 1 hektar ərazidən əldə olunan iqtisadi gəlir 400-450 manat təşkil edir. Əsasən dəmyə və nəmliklə təmin olunmuş bölgələrdə becərilməsi daha məqsədəuyğundur.
Son illərdə sortun pоtеnsial məhsuldarlığı dəmyədə 45-50 s/ha, orta məhsuldarlığı isə 42,3 s/ha olmuşdur.
Respublikamızda taxılçılığı inkişaf etdirmək və taxıl istehsalını artırmaq üçün hər bir regiona uyğun yeni məhsuldar taxıl sortları əkmək lazımdır. Hazırda Turan, Mirbəşir-50, Qaraqılçıq 2, Tərtər, Vüqar, Şiraslan 23, Tərtər 2, Yaqut, Əlincə 84, Qarabağ bərk buğda sortları daha çox əkilir.

Cavanşir Təlai
Aqrar Elm və İnnovasiya Mərkəzi
Elmin təşkili və koordinasiya şöbəsinin müdiri
Biologiya elmləri üzrə fəlsəfə doktoru