Pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri

Pambıq bitkisi üzərində 200 növdən çox ziyanlı həşərat, gənə, xəstəlik törədən mikroorqanizmlər yaşayır. Azərbaycanda bu bitkinin əsas zərərvericiləri pambıq sovkası, hörümçək gənəciyi, tütün tripsi və mənənələrdir. Pambıq bitkisi vegetasiya dövründə cücərti fazasından tam yetişməyə qədər müxtəlif orqanizmlər tərəfindən zədələnir.

1. Mənənə

Yonca, bostan və böyük pambıq mənənələri bitkinin ən zərif hissələri olan budağın təpəsində və cavan yarpaqlarında məskunlaşır. Daha sonra xortumu ilə onları deşib içəridəki şirəni sorur. Nəticədə toxumalar dağılır və cücərti zədələndikdə təpə tumurcuq məhv olur. Bir qədər sonra zədələnmiş yarpaqlar qırışır, hətta bir qismi tökülür.
Generativ orqanların formalaşdığı dövrdə mənənə ilə zədələnmə bitkinin qönçə və qoza başlanğıclarının tökülməsinə səbəb olur, tökülməyən qozalar isə az məhsuldar olur. İtki əksər hallarda 20%-dən yuxarı olur. Qozaların açdığı dövrdə mənənə ifrazat yolu ilə pambıq mahlıcını çirkləndirir. İfrazat üzərində inkişaf edən qurum göbələkləri pambıq liflərinin qaralıb xarab olmasına səbəb olur.
Regionlarda mənənələr əsasən vegetasiya dövrünün əvvəlində və sonunda pambığa təsərrüfat əhəmiyyətli ziyan vurur. Əlverişli şərait olduqda may-iyun aylarında kütləvi surətdə çoxalır. Mədəni bitkilərin vegetasiya dövründə bostan mənənəsi alaq otları üzərində yaşayır. Bu səbəbdən alaq otları tam məhv edilməlidir.
Pambıq bitkisinin 100 yarpağı üzərində 50-dən çox mənənə olarsa, zərərverici əleyhinə Dimetoat tərkibli preparatlarla sahə dərmanlanmalıdır. Mənənə əleyhinə mübarizədə asetamiprid və metomil tərkibli insektisidlər də yüksək səmərə verir.

 

2. Tütün tripsi

Azərbaycanda geniş yayılmış zərərvericilərdən biri olmaqla, 400-ə qədər bitkiyə ziyan vurur. Tütün tripsi martın sonu aprelin əvvəllərində qışlama yerlərindən çıxaraq alaq otları və yonca ilə qidalanır.
Daha sonra cücərtilərin görünməsi ilə pambığa keçir və payıza qədər onun üzərində yaşayır. Yaşlı trips və sürfələri yarpaq, ləçək və digər orqanların toxumalarındakı şirə ilə qidalanır. Zədələnmiş toxumalar saralır, quruyur, qönçələr isə açılmır. Tütün tripsi əleyhinə aqrotexniki, bioloji və kimyəvi üsullarla mübarizə aparılır. Bu zərərverici quraq yerlərdə bitən bitkilərlə qidalanmağa üstünlük verir. Bu səbəbdən torpaq dərin şumlanmalı, əkin dövriyyəsinə əməl edilməli və yığımdan sonra bitki qalıqları məhv edilməlidir. Trips sürfələri əleyhinə fitoseid gənələrdən istifadə olunmalıdır. Yüz bitkiyə 300-500 fərd tətbiq olunur. Orius bağacığı və antokoris də tripsə qarşı səmərəli bioloji agentlərdir.

3. Hörümçək gənəciyi

Torpaq-iqlim şəraitindən asılı olaraq hörümçək gənəciyi ildə orta hesabla 10-15 nəsil verir. Havanın kəskin soyuması güclü yağışlarla müşahidə olunduqda gənəciklərin sayı
əhəmiyyətli dərəcədə azalır, 7-10 gündən sonra isə yenidən artmağa başlayır. Pambıqda gənələr yarpaqların alt tərəfində və çiçək altlığında toplaşır. Zədələnmiş yarpaqların üst tərəfində qırmızı ləkələr əmələ gəlir. Yarpaqlar qızarır, sonra qonurlaşıb tökülür. Sahədə pambıq bitkiləri hörümcək gənəciyi ilə güclü sirayətləndikdə və ona qarşı müvafiq mübarizə tədbirləri həyata keçirilmədikdə pambıq məhsulunun 35-50%-i məhv olur. Kimyəvi mübarizə tədbirləri zamanı 25%-li dimetoat tərkibli preparatlarla sahə dərmanlanmalıdır.

4. Pambıq sovkası

Azərbaycanda pambığın ən qorxulu zərərvericilərindən biridir. O, polifaq zərərverici olub 100-dən çox yabanı və mədəni bitki ilə qidalanır.
Pambıq sovkası əsasən generativ orqanlara – qönçə, çiçək, qoza başlanğıcı və qozalara zərər vuraraq məhsulun əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Zədələnmiş çiçəklərin əksəriyyəti qoza vermir. Qozaların içərisindəki tırtıl isə onun daxilini toxumla bərabər yeyir. Zədələnmiş qozaların bir hissəsi tökülür, bəziləri böyümədən qalır, bəzilərində isə qozanın yalnız zədələnməmiş qanadları açılır. Daha sonra lifin keyfiyyəti pisləşir.
Bir tırtıl həyatı boyu 2-3 qoza daxil olmaqla, 20-dək bar verən orqanı zədələyə bilir. Vegetasiyanın sonunda pambıq sovkasının vurduğu ziyan daha böyük olur. Nəticədə yenidən əmələ gələn qozalar məhsul verə bilmir.
Pambıq sovkasını aşkar etməkdən ötrü feromonlu tələlərdən istifadə edilir. Sovka kəpənəklərinin uçuşa başlamalarına 7-10 gün qalanda hər 10 ha pambıq əkini sahəsinə 1 ədəd feromonlu tələ asılır. İlk kəpənək tutulduqdan sonra tələlərin sayı artırılır. Tutulmuş kəpənəklərin sayı əsasında zərərvericinin populyasiya sıxlığı və tırtılların çıxma vaxtlarını proqnozlaşdırmaq olar.

Mübarizə tədbirləri:

• Tırtıl və kəpənəklərin qidalanma şəraitlərini pisləşdirmək üçün alaq otları məhv edilməlidir;
• Pupları məhv etmək üçün dərin dondurma şumu aparmaq, cərgə aralarını becərmək və qış suvarmaları aparmaq çox səmərəlidir;
• Pambıq bitkisində ucvurma əməliyyatı aparıldıqdan sonra bitki qalıqları sahədən çıxarılmalıdır;
• Bitkinin sovkaya davamlı formalarından istifadə olunmalıdır.

Kimyəvi mübarizənin tırtılların insektisidlərə həssas olduğu kiçik yaşlarda aparılması yüksək bioloji səmərəni təmin edir. Nəzərə almaq lazımdır ki, yaşlı tırtılları məhv etmək praktik cəhətdən daha çətindir, çünki onlar zəhərlərə qarşı çox davamlı olur. Pambıq sahələrinin dendrobasilin, bitoksibasilin, endobakterin kimi mikrobioloji preparatların 2%-li suspenziyası ilə dərmanlanması sovkanın kiçik və orta yaşlı tırtıllarının 55-60%-nin ölümünə səbəb olur. Kimyəvi tədbirlər zamanı selektiv preparatlardan istifadə olunması daha məqsədəuyğundur. Çoxillik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, sovkanın birinci nəslinin inkişafı dövründə 100 pambıq bitkisində faydalı faunanın miqdarı 145-150 ədəd, ikinci və sonrakı nəsillərdə isə 250 və daha çox olduqda zərərverici əleyhinə insektisidlərin istifadəsinə ehtiyac qalmır. Əkinlərin zərərli orqanizmlərdən mühafizəsi zamanı inteqrir bitki mühafizəsi sistemindən istifadə ətraf mühit və insan sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azad İbrahimov
Aqrar Xidmətlər Agentliyi
Respublika Bitki Mühafizə və Zərərsizləşdirmə Mərkəzinin direktoru