Torpaqların konsolidasiyası torpaq islahatı həyata keçirilmiş ölkələrdə torpaq sahələrində parçalanmanın aradan qaldırılmasına xidmət edir. Ümumiyyətlə, əlverişli kənd təsərrüfatı infrastrukturu yaradılması üçün ən yaxşı təcrübə torpaqların konsolidə edilməsi hesab olunur. Torpaqların konsolidasiyası BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərinə aiddir. Buna görə də hər bir ölkə konsolidasiya sahəsində milli strategiya hazırlamalı və qanunvericiliyi təkmilləşdirməlidir.
Bu proses 3 mərhələdə həyata keçirilir: hazırlıq, planlaşdırma və layihənin tətbiqi mərhələləri. Konsolidasiya planı aşağıdakı prinsipləri özündə birləşdirir:
• Torpaq sahələrinin yeni dislokasiyası;
• Təbiəti mühafizə məqsədilə torpaq sahələrinin ayrılması;
• Torpaqları birləşdiriləcək sahibkarların olduğu birliklərin yaradılması və ictimaiyyət nümayəndələrinin oraya daxil edilməsi;
• Konsolidasiya müqaviləsinin müddəti və mülkiyyət sahiblərinin hüquqlarının tənzimlənməsi haqqında təlimat.
Konsolidasiya layihələri ölkə qanunvericiliyinin xüsusiyyətlərindən asılı olaraq assosiasiyalar, torpaq konsolidasiyası orqanları, bu məqsədlə yaradılmış ictimai komitələr və ya kooperativlər tərəfindən həyata keçirilir. Bəzi ölkələrdə bu proses 2-4, bəzilərində isə 10-15 il çəkə bilir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə əsas məsələlərdən biri torpaqdan istifadənin səmərəliliyini yüksəltməkdir. Torpaq islahatı nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə istifadə olunan torpaqlar kəskin şəkildə parçalanmaya məruz qalaraq çoxsaylı və kiçik həcmli təsərrüfatların yaranmasına səbəb olmuşdur. Əksər kəndlərdə torpaq sahələrinin bu cür parçalanması bitkilərin məhsuldarlığının azalmasına səbəb olmaqla yanaşı, kənd təsərrüfatı sektorunun inkişafı və onun potensialının yüksəldilməsinə də maneə yaradır. Hazırda dövlət yardımı almaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edən istehsalçıların torpaq sahələrinin təhlili göstərir ki, fermerlərin 70%-nin çoxuna məxsus torpaq sahəsinin orta ölçüsü 3 hektardan aşağıdır. Bu cür parçalanma torpaqların konsolidasiyasını labüd edir. Bu problemlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ilin noyabr ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) müraciət edərək torpaqların konsolidasiyası üzrə texniki yardımın 2016-2020-ci illər üzrə Ölkə Proqram Çərçivəsinə salınmasını xahiş etmişdir. Nazirliyin təşəbbüsü müsbət qarşılanmış və nəticədə bu layihə Azərbaycanda torpaqların konsolidasiyası prosesinin tətbiqinə dəstək kimi proqrama daxil edilmişdir.
Layihənin məqsədi seçilmiş pilot ərazilərdə torpaqların könüllü konsolidasiyası ilə bağlı müasir layihələr hazırlamaq və həyata keçirmək üçün institutsional potensialı artırmaqdan ibarət idi.
Azərbaycanda tətbiq olunması nəzərdə tutulan torpaqların konsolidasiyası konsepsiyası özündə aşağıdakıları ehtiva edir:
• Torpaq islahatı nəticəsində kəskin parçalanmaya məruz qalmış torpaq parsellərinin birləşməsinə nail olunması;
• Ümumdaxili məhsul və ixrac potensialının artırılmasına əsaslı təsir göstərilməsi;
• İnfrastrukturun olmaması səbəbindən əkin dövriyyəsindən kənarda qalmış torpaqların dövriyyəyə qaytarılması;
• İri fermerlər və icarədarların formalaşmasına şərait yaradılması;
• Suvarma sistemlərinin yenilənməsi və innovativ sistemə keçirilməsi nəticəsində suya qənaət edilməsi;
• Kadastr işlərinin yenilənməsi və sənədləşmə işlərinin sadələşdirilməsinin təşkili;
• Texnikadan istifadənin səmərəliliyinin artırılması;
• Torpaqların alqı-satqısı, torpaq bazarının düzgün idarə edilməsi, aktivləşdirilməsi, konsolidasiya layihələrinə həvəsləndirmə və proseslərin sadələşdirilməsi məqsədilə vahid Torpaq Bankının yaradılması;
• Maya dəyərinin aşağı salınması və gəlirliliyin artırılması.
Bu məqsədlə Salyan rayonunun Şorsulu kəndi pilot ərazi kimi müəyyən edilmişdir. Şorsulu kəndində 608 torpaq mülkiyyətçisi arasında torpaqdan istifadə, torpaq mülkiyyətinin qeydiyyatı ilə bağlı çətinliklər, alqı-satqı, mübadilə və ya icarə yolu ilə torpaqların konsolidasiyasında iştirak niyyətlərini öyrənmək üçün sorğu aparılmışdır.
Fermerlərin 88%-i torpaq sahələrinin birləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Tədqiqatın nəticələrinə əsasən pilot kənd üçün torpaqların yenidən bölüşdürülmə planı tərtib edilmişdir.
Layihə çərçivəsində pilot ərazinin sakinləri üçün yerli icma inkişafı planı hazırlanıb. Planda əsas diqqət bu ərazidə kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılmasına, o cümlədən kəndin hazırda suvarma sisteminə daxil olmayan hissələrində suvarmanın təşkil edilməsinə yönəldilib. Bununla yanaşı, Şorsulu kəndində əsas kanalın üzərində piyada keçidi inşa olunmuşdur.