Hazırda texnikaların dövlət qeydiyyatı və baxışının vaxtında aparılması, günün tələbləri səviyyəsində göstərməsi, uçotunun dəqiqləşdirilməsi, istismar müddəti bitmiş texnikaların dövriyyədən çıxarılması, sürücülük vəsiqələrinin verilməsinin sürətləndirilməsi, vaxtaşırı monitorinqlərin həyata keçirilməsi və qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə olunması prioritet məsələlərdir. Bütün bunlarla bağlı sizə suallarımız var.
Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların keçirilməsi necə təşkil olunur?
Nəzəri imtahanlar respublika üzrə yaradılmış 17 regional bölmə tərəfindən elektron qaydada “Texnaz” proqramı vasitəsilə test üsulu ilə həyata keçirilir. Belə ki, traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 15 dəqiqə ərzində 10 müvafiq sualdan doqquzuna düzgün cavab verən şəxs nəzəri imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahana qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış təhsil müəssisələri və kurslarını bitirmiş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək ixtisası alan 18 yaşına çatmış şəxslər buraxılırlar.
Mexaniki nəqliyyat vasitələrini idarəetmək üçün tədris müəssisələri tərəfindən verilmiş diplom, şəhadətnamə və ya sertifikatla texnikaları idarə etmək olar?
Tədris müəssisələri tərəfindən verilmiş diplom, şəhadətnamə və ya sertifikat texnikaları idarə etməyə hüquq vermir.
Traktor və digər mexaniki nəqliyyat vasitələri üçün sürücülük vəsiqələri hansı hallarda dəyişdirilir?
Sürücülk vəsiqələri yararsız vəziyyətə düşdükdə, etibarlılıq müddəti bitdikdə, sahibinin soyadı, adı, atasının adı dəyişdikdə və itirildikdə dəyişdirilir.
Respublika ərazisində daimi və müvəqqəti qeydiyyatda olan kənd təsərrüfatı texnikaları və onların qoşqularına texniki baxış hansı müddətdə keçirilir?
Mülkiyyət formasından asılı olmayaraq bütün kənd təsərrüfatı texnikaları və qoşqularına ildə bir dəfə dövlət texniki baxışı həyata keçirilir.
Kənd təsərrüfatı texnikalarını texniki baxışdan keçirmək üçün hara müraciət etmək lazımdır və dövlət rüsumu nə qədərdir?
Bunun üçün yaşayış yeri üzrə DAİM-lərin regional bölmələrinə müraciət edərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 10 manat ödəmək tələb olunur.
Texnikaların dövlət qeydiyyatına alınması üçün hansı sənədlər tələb olunur?
Qeydiyyata görə fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsi, hüquqi şəxslərin VÖEN-i və reyestrdən çıxarışın surəti, nəqliyyat vasitəsinə sahibliyini təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənəd lazımdır. Qeydiyyata alınma nəticəsində texnikanın sahibinə dövlət qeydiyyat nişanı və şəhadətnamə talonu təqdim edilir.
Aqrar Xidmətlər Agentliyinin (AXA) bu sahədə əsas hədəfləri nələrdir?
AXA-nın əsas hədəfləri daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin əlçatanlığını təmin etmək, keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir.
Azər Qarayev
Aqrar Xidmətlər Agentliyi
Texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri şöbəsinin müdiri