Azərbaycanda ipəkçilik təsərrüfatı qədim tarixə malikdir. Elmi mənbələrdə göstərilir ki, ölkəmizə ipəkqurdu toxumu VII əsrdə Şimali Afrikadan gətirilmişdir. Tarixi sənədlər ölkəmizdə ipək istehsalına IX əsrdən qabaq başlanıldığını, X əsrdə isə Şamaxı, Bərdə, Şəki və Gəncədə xeyli genişləndiyini sübut edir. İpəkçiliyin inkişafında Ulu öndər Heydər Əliyevin qayğısı və diqqəti sayəsində verilmiş qərarların rolu xüsusilə qeyd edilməlidir. Ona görə ki, həmin dövrdə barama tədarükü rekord miqdara, yəni 5,9 tona çatmışdır. Həmçinin 25-30 milyon tut ağacından ibarət möhkəm yem bazası da yaradılmışdır. Eyni zamanda ipəkçiliyin elmi əsasları işlənilmiş, tut ipəkqurdunun xəstəliklərinə dair geniş tədqiqatlar aparılmış və damazlıq stansiyası üçün superelit toxumlar hazırlanmışdır. Bundan başqa, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin madditexniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” və “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması, müasir avadanlıqlarla təchiz olunması, habelə tut tingləri və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə maliyyə vəsaiti ayrılmışdır.
Burada əsas məqsəd ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, istehsal edilən məhsulun keyfiyyəti və həcmini artırmaq, ipək emalı sənayesinin xammalla təminatını yüksəltmək, yeni
təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirməkdir. Görülən tədbirlər nəticəsində ölkəmizdə 2019-cu ildə 634 ton, 2020-ci ildə isə 460 ton yaş barama istehsal olunmuşdur. 2025-ci ilə qədər
ölkədə 6000 ton barama istehsal ediləcəyi Dövlət Proqramında qeyd olunmuşdur. Yüksək məhsuldar tut ipəkqurdu cins və hibridlərinin yaradılması üçün seleksiyaçı allimlərimiz öz elmi-tədqiqat işlərini uğurla davam etdirirlər. Belə
ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Tut ipəkqurdunun seleksiyası laboratoriyasında 2020-ci ildə Muğan-1, Muğan-2 və Ordubad-1 cinsləri yaradılmışdır.
Yeni Ordubad-1 cinsinin yaradılmasında aşağıdakı işlər yerinə yetirilmişdir:
1. İlkin material seçilmişdir;
2. Yaradılmış cinslər və seleksiya populyasiyaları üçün limitlər müəyyənləşdirilmişdir;
3. Çarpazlaşdırma vasitəsilə irsiyyət zənginləşdirilərək sintetik seleksiya populyasiyaları yaradılmışdır;
4. Seleksiya populyasiyalarının bioloji və texnoloji əlamətlərinin yüksək irsi səviyyəsi möhkəmləndirilmiş və yeni cins yaradılmışdır.
İlkin material kimi Yaponiyadan gətirilmiş Şunreyx Şoqetsi hibridi və Gürcüstandan gətirilmiş Mizuri-1 cinsindən istifadə edilmişdir. Seleksiya proqramına uyğun olaraq işin I mərhələsində yüksək keyfiyyətli, yəni müəyyənləşdirdiyimiz limitə tam cavab verən sintetik seleksiya populyasiyası yaradılmışdır. Yemləndirilən materialın bioloji və texnoloji göstəriciləri 200 ədəd qrenadan ibarət 3 nümunənin inkubasiyası əsasında qrenanın
dirilməsi, yaşama qabiliyyəti IV yaşdan başlayaraq xəstə və ölmüş qurdların, habelə pupların uçotu aparılmaqla təyin olunmuşdur. İkinci nəsildən başlayaraq seleksiya populyasiyasının hər ilin yaz mövsümündə ailə yemləmələri və adaptiv seleksiyası aparılmaqla ardıcıl nəsilləri alınmış və qoyulmuş limitlərə tam cavab verənə kimi seleksiya olunmuşdur.
Beləliklə, 8 illik seleksiya işi nəticəsində müasir yapon hibridindən istifadə etməklə yüksək adaptivliyə, məhsuldarlığa və texnoloji xassələrə malik yeni plastik Ordubad-1 cinsi yaradılmışdır.
Cədvəldən göründüyü kimi, yeni cinsin yaradılması üçün qoyulmuş limitlər tam şəkildə ödənilir. Cinsin qrenası açıq kül rəngli, qurdu ayparalı, baraması oval, rəngi ağ, kəmərsiz və xəstəliyə dözümlüdür. 2008-ci ildə AZŞ-1(F1) nəslinin yaz yemləməsi aparılmışdır. Yaz və yay yemləmələrindən sonra 2015-ci ildə AZŞ-1(F11) nəsli alınmışdır. Bu cins müəlliflik şəhadətnaməsi almaq və onu
rayonlaşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim edilmişdir. Ümumiyyətlə, ipəkçilik və baramaçılıq sahəsində islahatlar aparmaqla tez bir zamanda dünyanın inkişaf
etmiş ölkələri sırasına çıxa və ipəkçiliyin əvvəlki şöhrətini qaytara bilərik.
Mahir Hacıyev
Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun direktoru
Aqrar elmlər üzrə fəlsəfə doktoru