Qarpiz bitkisinin əsas xəstəlikləri

Qarpız çox qədim bostan bitkisi və qiymətli ərzaq məhsuludur. Tərkibində dəmirin miqdarına görə kahı və ispanaqdan sonra üçüncü, fol turşusunun miqdarına görə isə birinci yeri tutur. Qarpız meyvəsində 8-12% şəkər vardır ki, o da əsasən qlükoza və fruktozadan ibarətdir.  Bu bitkinin müxtəlif hissələrindən hazırlanmış şirə, dərman, məlhəm, meyvə balı, mürəbbə və şorabalardan mədə-bağırsaq sistemi, böyrək və qaraciyərin fəaliyyətinin tənzimlənməsi, görmə qabiliyyətinin bərpası, piylənmənin qarşısının alınmasında geniş istifadə olunur.  Qarpız işığa çox tələbkar olduğu üçün qısa  gün bitkisi sayılır. Çürüntülü, yüngül, qumsal, xam torpaqlarda daha yaxşı məhsul verir. Torpaqda rütubət 50-60%, havada isə 45-60% olduqda yaxşı inkişaf edir. Qida maddələrinə orta dərəcədə tələbkardır, fosfora isə tələbatı daha çoxdur.  Fuzarioz, Antraknoz, Kök çürüməsi, Bakterioz, Unlu şeh, Yalançı unlu şeh, Ağ çürümə, Boz çürümə, Mozaika və digər xəstəliklər qarpızın məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Hətta bəzi xəstəliklər tağı şitil mərhələsində meyvəsiz qoya bilir. Ona görə də daim bitkilərə nəzarət etmək və şübhəli əlamətlər olduqda dərhal tədbir görmək lazımdır.

 

Antraknoz

Bu xəstəlik yarpaqlarda yayılmış sarı və ya qonur rəngli ləkələr şəklində əmələ gəlir. Sonradan onlar böyüyür və çəhrayı yastıqcıqlarla örtülür. Daha sonra ləkələr gövdə və meyvədə yayılan tünd xoraya çevrilir. Yarpaqlar quruyur, qarpız deformasiya olur və böyümə dayanır.

Bitkiyə 1%-li bordo məhlulunu çiləməklə xəstəliyi müalicə etmək olar. Preparat düşdüyü yerə təsir göstərir, ona görə də kolu bərabər işləmək lazımdır. Çiləmə prosesi 7-10 gündən bir 3 dəfə təkrarlanmalıdır. Torpaq 2%-li kalium permanqanat məhlulu və ya mis kuporosu ilə dezinfeksiya olunmalıdır. Bir kola 1,5 litr məhlul kifayətdir.

 

Kök çürüməsi

Bu göbələk xəstəliyinin yoluxmasına səbəb yüksək temperatur, nəmlik və ya torpağın bol suvarılmasıdır. Xəstəliyin əsas əlamətləri gövdənin aşağısı və tumurcuqlarda yapışqan tünd qonur rəngli ləkələrin meydana gəlməsidir.

Beləliklə, kök qalınlaşır, yarpaqlar saralır və bitki məhv olur. Xəstəliyi yalnız onun əmələ gəldiyi vaxtlarda müalicə etmək olar, əks təqdirdə kolları məhv etmək lazımdır.

 

Fuzarioz

Bostan bitkilərinin kök sistemində əmələ gələn göbələklər fuzarioz xəstəliyini əmələ gətirir. Əvvəlcə köklərdə kiçik narıncı ləkələr əmələ gəlir. Xəstəlik inkişaf etdikcə bu ləkələr tündləşir, əsas gövdə çürüyür, yarpaqlar saralıb düşür. Nəticədə kol zəifləyir və böyümür.

Erkən mərhələdə fuzariozu təyin etmək mümkün deyil, çünki bitki bu xəstəliyə kökdən yoluxur. Xəstəliyin əlamətləri aşkar edildikdə kolları yox etmək və torpağa 1%-li mis kuporosu məhlulunu çiləmək lazımdır.

 

Bakterioz

 

Bu xəstəliyi həşəratların sahəyə gətirdiyi bakteriyalar yaradır. Onlar 30ºC-dən yuxarı temperaturda baş qaldırır. Xəstəliyin əlamətləri sulu yaşıl ləkələrin əmələ gəlməsidir. Sonradan onlar böyüyür, yarpaqlar qaralır və kol məhv olur.  Xəstəlik ilk yarandığı vaxtlarda kolu xilas etmək olar. Hətta bunun üçün yoluxmanın kiçik əlamətləri olan bütün yarpaqları belə kəsmək olar. Hər kəsimdən sonra bıçağı spirtləmək vacibdir. Belə prosedurlar heç bir nəticə verməzsə, onda bitkini məhv edib torpağı dezinfeksiya etmək lazımdır.

 

Unlu şeh

 

Əgər yarpaq və meyvələrdə una oxşar ağ ləkə örtüyü varsa, deməli bitki unlu şeh xəstəliyinə yoluxub. Tədricən örtük qəhvəyi rəng alır və kolun yoluxmuş hissəsi saralır. Nəticədə meyvələr çürüyür.

Bitki qalıqlarının sahədən təmizlənməsi, növbəli əkinin tətbiqi və bitkilərə yüksək aqrotexniki qulluğun göstərilməsi xəstəliyin qarşısının alınması üçün əsas şərtlərdir.

 

Zeytunabənzər ləkəlilik

 

Bu xəstəliyi göbələklər yaradır. Qarpızda çıxıntılı boz rəngli ləkələr əmələ gəlir. Ləkə gövdə və yarpaqlara yayılaraq onları kövrəkləşdirir. Xəstəliyin simptomları aşkar edildikdə 1%-li bordo mayesi ilə çiləmə aparılmazsa, 5-10 günə kol məhv ola bilər.

 

Pas xəstəliyi

Bu xəstəliyi pas göbələyi yaradır. Xəstəliyin əsas simptomları kolda müxtəlif forma və ölçüdə qəhvəyi çıxıntıların əmələ gəlməsidir. Sonradan onlar çatlayır və buradan göbələk sporları ayrılır. Xəstəlik yüksək nəmlikdə və ya azot gübrələri artıq olduqda inkişaf edir. Yoluxmuş yarpaq və tumurcuqları kəsmək lazımdır.

 

Mozaika

Bu virus xəstəliyi yarpaqların açıq hissələrində müşahidə olunur. Sonradan yarpaq plastinləri deformasiya olur, quruyur və kol böyüməni dayandırır. Qarpızın meyvələrində şişkinlik müşahidə olunur. Bu xəstəlik bitkilərə zərərvericilərdən, toxumlardan və ya calaq alətlərindən keçə bilər.

 

Elmar Allahverdiyev

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Publik hüquqi şəxsin İdarə heyətinin sədri