Qida sənayesinin ən vacib sahələrindən biri də şəkər istehsalıdır. Şəkər istehsalı əhalinin şəkərə olan ehtiyacını ödəməklə yanaşı, ölkəmizdə qənnadı, konserv, spirtli və spirtsiz içkilər istehsalı sahələrinin inkişafına da təsir göstərir.
Keyfiyyətli şəkər çuğundurunun 76%-i su, 24%-i quru maddədir. Həmin quru maddənin 6%-i qeyri-şəkər, 18%-i isə saxarozadır. Zavoda gətirilmiş şəkər çuğunduru emala qədər adi şəraitdə 18-22ºC temperaturda bir neçə gün saxlanılır. Şəkər çuğundurunu adi şəraitdə saxladıqda maddələr mübadiləsi prosesi daha da intensivləşir.
Kimyəvi göstəricilərin təhlilindən məlum olmuşdur ki, şəkər çuğundurunu adi şəraitdə 10 gün saxladıqda onun tərkibini təşkil edən qida komponentləri xeyli dərəcədə azalmışdır. Ona görə də şəkər çuğundurunun emala qədər düzgün saxlanmasına nail olmaqla, tərkibindəki şəkər və digər qida maddələrinin itkisinin qarşısını almaq vacibdir. Azərbaycan Şəkər İstehsalçıları Birliyinin təşkilatçılığı ilə “Azərsun Şamaxı Aqropark”da respublikanın
müxtəlif bölgələrindən gələn 30 fermerlə birlikdə “Tarla Günü” keçirilmişdir. “Tarla Günü” çərçivəsində fermerlər “Azərsun Şamaxı Aqropark”da iş prosesi ilə tanış olublar. Fermerlərə şəkər çuğundurunun istehsalı, bu prosesdə tətbiq edilən aqrotexniki qaydalar, ümumiyyətlə, şəkər çuğunduru ilə bağlı nəzəri və praktik məlumatlar verilib. Bundan əlavə, çuğundurun hansı vaxtlarda əkilməsi, gübrələnməsi və suvarılması haqqında məlumatlar da fermerlərin diqqətinə çatdırılıb. Şəkər çuğundurunun yetişdirilməsi üzrə şöbənin baş aqronomları tərəfindən bu bitkinin əldə olunmasında istifadə olunan 3 növün yetişdirilməsi ilə bağlı fermerlər məlumatlandırılmışdır. Təqdimat zamanı
fermerlərə bildirilib ki, tətbiq olunan bu üsullar keyfiyyət və məhsuldarlıq baxımından yüksək nəticə əldə etmək üçün uğurludur. “Tarla Günü”nün keçirilməsində əsas məqsəd fermerlərin maarifləndirilməsi, qazandıqları
bilik və bacarıqların öz təsərrüfatlarında tətbiq edilməsi, həmçinin şəkər istehsalında ixrac potensialının artırılmasıdır.