Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdikdən sonra Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında yaradılan yeni müəssisələrdən biri də Süni Mayalanma Mərkəzidir. Dövlətimizin başçısının 2018-ci ilin fevralında imzaladığı “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” və 2019-cu ilin noyabrında imzaladığı “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən yaradılan mərkəzin tikintisi 2 hektar ərazidə aparılıb. Burada inzibati bina, karantin binası, baytarlıq klinikası, laboratoriya otağı, toxumalma sahəsi, tövlə, yem anbarı və açıq havada yemsaxlama sahəsi yaradılmışdır. Mərkəzin fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılmasına da geniş imkanlar açıb. Bu da Naxçıvan
Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafının da daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir. Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olub. Burada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır və səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir.