Buğdanın məhsuldarlığına təsir edən amillər

Azərbaycanda sosial əhəmiyyətinə görə ən vacib kənd təsərrüfatı məhsullarından biri də buğdadır. Ölkə əhalisinin qida rasionunda xüsusi çəkisi olan çörək və digər məhsulların hazırlanması üçün buğda unu əsas xammaldır. Buna görə də, ölkənin əkin strukturunda buğda xüsusi çəkiyə malikdir. Belə ki, 2018-ci ildə ölkədə 679,1 min hektar ərazidə buğda əkilib ki, bu da ümumi əkin sahəsinin 39,1%-ni təşkil edib. 2019-cu ildə 670,02 min hektar ərazidə payızlıq və yazlıq buğda əkilib. Bu isə ümumi əkin sahəsinin 39,02%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, son illər buğdanın əkin sahəsində artım müşahidə edilməkdədir.

Əgər 2015-ci ildə buğdanın əkin sahəsi 539,7 min hektar idisə, 2019-cu ildə bu göstərici 24,2% artaraq 670,02 min hektara yüksəlib.

 

Əkin sahəsindəki artım ümumi istehsal həcminin də artmasına səbəb olub. 2019-cu ildə 2,17 milyon ton buğda istehsal edilib ki, bu da 2015-ci illə müqayisədə 27,7% çoxdur.

Mənbə: Dövlət Statistika Komitəsi

Məhsul istehsalındakı artım müəyyən qədər əkin sahələrinin artımı hesabına əldə edilib. Məhsuldarlıq göstəricisindəki artım da ümumi istehsal göstəricisinin artmasında rol oynayıb.

 

Mənbə: Dövlət Statistika Komitəsi

2019-cu ildə ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,4 sentner/ha təşkil edib. Bu da 2015-ci illə müqayisədə 3,5% çoxdur. Göründüyü kimi, məhsuldarlıq göstəricisindəki artım cüzi olmaqla yanaşı, eyni zamanda, potensial məhsuldarlıq göstəricilərindən də aşağıdır.

 

Bazar iqtisadiyyatının prinsiplərinə  uyğun olaraq, iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da istehsalın səmərəliliyi ön planda olmalı, resurslardan maksimum dərəcədə istifadə edilməlidir. Kənd təsərrüfatı istehsalının səmərəliliyini xarakterizə edən göstəricilərdən biri də məhsuldarlıq göstəricisidir. Bu baxımdan məhsuldarlıq göstəricisinə təsir edən əsas amillərin müəyyənləşdirilməsi və bu amillərin təsir səviyyəsinin araşdırılması vacibdir. Araşdırmanın məlumat bazasını Fermer Təsərrüfatlarının Məlumat və Monitorinq Sisteminin məlumatları təşkil edir. Bu sistem Avropa İttifaqının Təsərrüfat Uçot Məlumatları Şəbəkəsinə uyğun şəkildə qurulub və müvafiq qaydalar çərçivəsində fəaliyyət göstərir. 2015-ci ildən başlayaraq, mütəmadi şəkildə subsidiya bazası əsasında 3500-4000 təsərrüfatın məlumatları sistemə daxil edilir. Bu araşdırma həmin sistemin

2018-ci il məlumatları əsasında aparılıb. Araşdırma metodu kimi reqressiya təhlilləri seçilib.

Reqressiya nədir?

Reqressiya təhlili ən azı iki dəyişən kəmiyyət arasında olan əlaqənin mövcudluğunu təyin edir. Başqa sözlə desək, o, bir və ya bir neçə müstəqil dəyişənin asılı dəyişənə necə təsir göstərməsini müəyyən edən və bu əlaqə üzərində bir sıra testin tətbiq edilməsinə imkan yaradan bir funksiyadır.

Burada seçilmiş dəyişənlərin buğdanın məhsuldarlığına təsir dərəcəsini ölçmək üçün xətti loqarifmik reqressiya modelindən istifadə edilib. Xətti loqarifmik reqressiya modeli dedikdə X dəyişəninin 1% artmasının və ya azalmasının Y dəyişəninin β% dəyişməsini nəzərdə tutur:

Loq(Y)= β1+β2loq(X)

 

Reqressiya modelinin qurulması

Digər dəyişənlər sabit tutularaq, buğdanın məhsuldarlığına təsir edən əsas dəyişənlər kimi, buğdanın istehsalı üçün iş və xidmətlərə çəkilən xərclər (məsələn, şumlama, səpin, məhsulun yığılması və s.), toxuma, gübrəyə və müxtəlif xəstəliklərə qarşı dərmanlama xərcləri götürülüb. Loq (məhsuldarlıq) = β1+β2loq (sahə) + β3log (toxum xərci) + β4loq (gübrə xərci) + β5loq (dərmanlama xərci) + β6loq (iş və xidmətlərə çəkilən xərc) + ε

Başlanğıc mərhələdə modelin yekununa dair gözləntilərlə əlaqədar bir neçə fərziyyə irəli sürülüb.

  1. ci fərziyyə: sahə artdıqca məhsuldarlığın səviyyəsi də artır.
  2. ci fərziyyə: toxuma çəkilən hər 1% xərc onun məhsuldarlığını da müvafiq qaydada artırır.
  3. cü fərziyyə: mənbəyindən asılı olmayaraq, xərclərin artması məhsuldarlığın da artmasına gətirib çıxardır.

Daha sonra fərziyyələr rəhbər tutularaq model 6 istiqamət üzrə təhlil olunub. İlkin hesablama zamanı buğdanın ümumi sahəsi götürülüb, növbəti mərhələlərdə isə sahə 5 qrupa ayrılmaqla təhlil olunub.

 

  1. Sahə (ha): 1 ha-dan kiçik olan təsərrüfatlar
  2. Sahə (ha): 1-5 ha arası olan təsərrüfatlar
  3. Sahə (ha): 5-10 ha arası olan təsərrüfatlar
  4. Sahə (ha): 10-50 ha arası olan təsərrüfatlar
  5. Sahə (ha): 50 ha-dan yuxarı olan təsərrüfatlar

Model və onun nəticələrinin şərhi:

 Reqressiya modelinin adekvatlığının daha səmərəli qiymətləndirilməsi üçün reqressiya tənliyinin keyfiyyət ölçüsü kimi determinasiya əmsalı R2-dən istifadə olunur. Bu modeldə R2=0,3779 onu göstərir ki, nəticə əlaməti y-in (məhsuldarlığın) variasiyasının 37,8%-i modelə salınmış göstəricilərin təsirindəndir. Reqressiya əmsalı - β-nın əhəmiyyətini yoxlamaq üçün

t-statistikasından istifadə olunur. t-statistikadan ötrü sıfır hipotezi H0, yəni t-nin "0"a bərabərliyi hipotezi yoxlanılır.

 

 

 

Ümumi nəticəyə müvafiq olaraq, iş və xidmətlərə çəkilən xərclər, habelə, gübrə  və  xəstəliklərə qarşı dərmanlama xərclərində baş verən  ən  az 2% artım onun məhsuldarlığının da 6% artmasına səbəb olub. Digər tərəfdən, buğdanın əkin sahəsi üzrə hər hektarının artımı digər göstəricilər kimi müsbət nəticələnməyib. Yəni buğdanın əkin sahəsinin genişləndirilməsi onun məhsuldarlığını artırmayıb.

Bundan başqa, təsərrüfatlar ölçülərinə müvafiq olaraq, 5 qrupda təhlil edilib. Həmin təhlillərin nəticəsi aşağıdakı cədvəldə verilib.

Sahə: Nəticə onu göstərir ki, bütün qruplar üzrə sahənin hər 1 ha artımı buğdanın məhsuldarlığına mənfi təsir göstərməyib və ya heç bir effekti olmayıb. Buğdanın məhsuldarlığına  digər xərclərin təsiri isə statistik əhəmiyyətli olub.

Toxum xərci: Bütün qruplar üzrə toxum xərclərinin məhsuldarlığa təsiri müsbət olub. Belə ki, qruplarda alınan nəticə onu göstərib ki, ən pis halda toxuma çəkilən 6% xərc onun məhsuldarlığına 1% təsir göstərir. 2-ci qrupa aid təsərrüfatlarda isə bu asılılıq özünü daha qabarıq şəkildə büruzə verir. Bununla yanaşı, təsərrüfatlar ən yüksək və ən aşağı məhsuldarlıq göstəricisi üzrə qruplaşdırılaraq müqayisə olunub. Təhlil nəticəsində müəyyənləşdirilib ki, ən aşağı məhsuldarlıq göstəricisi olan 50 təsərrüfatda orta məhsuldarlıq 1,2 ton/ha, istifadə edilmiş toxumun orta alış qiyməti isə 0,35 manat/kq təşkil edib. Ən yüksək məhsuldarlıq göstəricisi olan təsərrüfatlarda isə bu göstəricilər müvafiq olaraq 5,3 ton/ha və 0,43 manat/kq təşkil edib. Göründüyü kimi, ən yüksək məhsuldarlıq göstəricilərinə malik təsərrüfatlarda istifadə olunan toxumun qiyməti 31,4%, məhsuldarlıq göstəricisi isə 4,4 dəfə yüksəkdir.

Gübrə xərci: 1-ci və 2-ci qrup təsərrüfatlarda müvafiq olaraq hər 5% və    3% müxtəlif gübrə növlərinə çəkilən xərc buğdanın məhsuldarlığını 25% və 14% artırır. Dərmanlama xərci: Gübrəyə çəkilən xərcə uyğun olaraq, eyni şərtlər altında müxtəlif ziyanverici və xəstəliklərdən qorunmaq məqsədilə istifadə olunan dərmanlara çəkilən hər 3% və 2% xərc məhsuldarlığı müvafiq olaraq 6% və 7% artırıb.

İş və xidmətlərin xərci: Şumlama, əkin və sair kimi iş və xidmətlərə çəkilən xərclər 1-ci və 2-ci qrup təsərrüfatlarda statistik əhəmiyyətini göstərib. Belə ki, müvafiq sahələrdə işlərə çəkilən xərclərin 12% və 11% artımı məhsuldarlığı da 59% və 75% artırıb.

Yekun: Tədqiqatın nəticəsi göstərir ki, 1-ci deyil, 2 və 3-cü fərziyyə qəbul edilməlidir. Belə ki, digər dəyişənlər nəzərə alınmaqla, sahənin hər hektar artımının məhsuldarlığa təsiri mənfi nəticə verib və ya statistik əhəmiyyəti olmayıb. Bu, özünü, xüsusən də, böyük sahəyə malik təsərrüfatlarda göstərib. Yuxarıda da qeyd olunduğu kimi, digər iş və xidmətlərə, habelə, dərmanlama və gübrəyə çəkilən xərclər məhsuldarlıqda önəmli rol oynayıb. Bütün faktorlar təhlil olunaraq, 3-cü fərziyyənin doğruluğunu təsdiqləməklə yanaşı,

1-ci və 2-ci qrup təsərrüfatlarda (sahəsi 5 hek- tara qədər olan təsərrüfatlar) çəkilən xərclərin buğda məhsuldarlığının artmasına olduqca əhəmiyyətli və müsbət təsir göstərdiyini söyləmək mümkündür.

 

Namiq Şalbuzov

Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini

Səbinə Əliyeva

Aqrar Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi