Modern tingyetişdirmə texnologiyası

Quba-Xaçmaz bölgəsində mütərəqqi becərmə texnologiyası əsasında intensiv bağçılığın inkişafı ilə əlaqədar olaraq tingçilik təsərrüfatında modern aqrotexniki tədbirlər həyata keçirilir. İntensivləşmə bağçılıqla yanaşı, tingçilik təsərrüfatından da yan keçməmişdir.

Modern texnologiyalar ting istehsalında insan əməyinin azaldılması və az sahədə çox sayda ting yetişdirilməsinə imkan yaradır. Meyvə və giləmeyvə bitkiləri bioloji xüsusiyyətlərindən asılı olaraq vegetativ hissələr olan bığcıq, pöhrə, kolların bölünməsi, həmçinin basma, çilik və calaqla çoxaldılır. Vegetativ çoxalmaya monogen çoxalma da deyilir.

Vegetativ çoxalma mərhələ etibarilə yetkin orqanizmdən törədiyindən əsas xüsusiyyətləri aşağıdakılardır:

1. Ana bitkinin irsi əlamətlərini qoruyub saxlayır;

2. Məhsula tez düşür;

3. Toxumacara nisbətən ömrü qısa olur;

4. Mutasiya nəticəsində yaranmış yeni xassə və əlamətləri özündə möhkəmləndirir;

5. Calaqüstü ilə anatomik və fizioloji uyğunluğa malik olur.

Vegetativ calaqaltılar klonal və mikroklonal üsulla çoxalmaları ilə fərqlənir. Mikroklonal üsulla çoxalmada steril şəraitdə bitkinin inkişaf tumurcuğu götürülür və meristemdən minlərlə calaqaltı istehsal edilir. Bu calaqaltılar da vegetativdə olduğu kimi eyni xüsusiyyətə və genə aid olur.

Meyvə tingliyinin keyfiyyəti onun yetişdirilməsi üçün seçilən ərazidən xeyli asılıdır. Tingliklər üçün biraz maili olan düz sahələr lazımdır ki, bu əraziləri suvarmaq mümkün olsun. Sahələr su mənbələrinə yaxın, torpağı yaxşı işlənmiş və orta mexaniki tərkibdə olmalıdır. Torpağın üst qatı ilə yanaşı, onun alt qatının da rolu çox böyükdür. Torpağın alt qatı ağır gilli olarsa, torpaq suyu keçirməz və havasızlıq yaradar, qumsal olarsa isə rütubəti saxlamaz. Torpağın alt qatı rütubəti saxlaya bilməlidir.

Keyfiyyətli və sağlam ting yetişdirilməsi üçün növbəli əkin sisteminin də düzgün seçilməsi vacibdir. Növbəli əkin dedikdə, torpağın münbitliyini artırmaqla xəstəlik və zərərvericilərə, habelə alaqlara qarşı mübarizə aparma əsasında bütün əkin sahələrindən yüksək keyfiyyətli məhsul götürmək üçün bitkilərin sahə və vaxt üzrə növbə ilə əkilməsi və bununla əlaqədar görülən tədbirlər sistemi başa düşülür. Zərərverici və xəstəliklərin törədiciləri torpaqda 4 il ərzində qalır. Ona görə tingləri və toxumacarları eyni yerdə təkrarən 2-3 ildən artıq becərmək olmaz.

Ting istehsalında ən vacib əməliyyatlardan biri calaqaltı istehsalıdır. Sahəni tinglik üçün hazırlamadan əvvəl onun bu vaxtadək hansı bitkilərin altında olduğu nəzərə alınır. İlk öncə seçilmiş sahədə ağac və kol bitkilərinin kötükləri çıxarılaraq sahə təmizlənilir. Respublikamızın əksər tingliklərində əkin üçün sahə iyunun əvvəllərində 45-50 sm dərinlikdə şumlanır.

Avqustun əvvəllərində torpağın səthi hamarlanır və hektara 40-50 ton çürümüş peyin səpilərək 25-27 sm dərinlikdə yenidən şumlanır. Sentyabrda isə təsiredici maddə hesabı ilə hər hektara 60 kq kalium və 90 kq fosfor gübrələri səpilir və torpaq iki istiqamətdə diskilənərək dənəvər hala gətirilir. Diskilənmiş torpaq 1 həftədən sonra frezlənərək hamarlanır və toz şəklinə salınır. Bu da bitki köklərinin daha yaxşı inkişafına təsir göstərir.

Əkiləcək bitkilər üçün 1:1:1 nisbətində peyin, torpaq və qum qarışdırılaraq substratlı tirələr hazırlanır. Calaqaltı əkiləcək sahədə tirələrarası məsafə 70-90 sm, tirənin hündürlüyü isə 20-25 sm olur. Traktor mulçanı tirənin üstünə çəkir və kənarlarını torpaqla örtür. Mulçanın eni tirəni yanlardan torpaqla örtür.

Bu vəziyyətdə alaq otlarının inkişaf etməsinin qarşısı alınır. Daha sonra calaqaltıların əkilməsi üçün həmin material üzərində xüsusi aparat vasitəsilə diametri 10 sm olan dəliklər açılaraq tinglər əkilir. Bu dəliklər əkiləcək bitkilərin ölçüsünə uyğun olmalıdır.

Mulçalanmanın üstünlükləri:

Herbisidlərdən istifadə etmədən alaq otları məhv edilir;

• Torpaqda nəm qorunur;

• Qış mövsümündə bitkilərin kök sistemi şaxtalardan qorunur;

• Torpağın bioloji fəaliyyəti artır və becərilən bitkilərin yetişməsi sürətlənir;

• Gübrələrə qənaət edilir;

• Müxtəlif bitki xəstəliklərinin inkişafının qarşısı alınır.

Tinglərin suvarılması üçün damcı suvarma üsulundan istifadə edilir. Suvarma hava şəraitindən asılı olaraq aparılmalıdır. Bu proses avqustun sonunadək dövri olaraq həyata keçirilir.

Standart hündürlüyə və qalınlığa çatmış tinglər payızda torpaqdan çıxarılır. Yazda tumurcuqlar oyanana qədər tinglər çıxarılmalıdır. Tinglər çıxarılarkən kökləri zədələnməməli, uzun müddət açıqda qalmamalı və şaxtalı havada torpaq donduğu zaman çıxarılma aparılmamalıdır. Bu proses tingin köklərinin zədələnməməsi üçün müxtəlif texnikalar vasitəsilə həyata keçirilir. Ting çıxarıldıqdan sonra kəsilmiş köklər funqisidlə dezinfeksiya edilməlidir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Quba Zərdabi adına elmi təcrübə bazasında tumlu, çəyirdəkli, habelə digər coğrafi rayonlarda fəaliyyət göstərən stansiya və dayaq məntəqələrində subtropik, gərzəkli və sitrus tinglərinin yetişdirilməsi istiqamətində işlər aparmışdır.

Abbas Hacıyev

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri