Suqovuşan kəndi işğaldan azad olundu!

SUQOVUŞAN KƏNDİ İŞĞALDAN AZAD OLUNDU!

Bu ilin sentyabr ayının 27-dən etibarən Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əks-hücum həmlələri həyata keçirən Şanlı Ordumuz 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında olan Dağlıq Qarabağ və ətrafindakı rayonların azad olunması istiqamətində qətiyyətlə irəliləməkdədir. Ordumuzun zəfərləri mühüm yüksəkliklərin və strateji ərazilərin geri qaytarılması ilə yanaşı, son illər yaşadığımız kəskin quraqlıqla müşahidə olunan su problemlərinin həllinə də səbəb olmuşdur. Suqovuşan kəndi 2020-ci il oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən işğalından azad olundu. Bu şad xəbəri əhaliyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elan etdi.

Prezident İlham Əliyevin xalqa müraciətindən :

“Bu gün Azərbaycan xalqı sevinc içindədir. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan kəndimiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.”

Hazırda su anbarından buraxılan suyun nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına su verilmiş, eyni zamanda ekoloji tarazlıq təmin edilmişdir.

Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə davamlı əkinlərin aparılması, su qıtlığının aradan qaldırılması, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsi və ekoloji tarazlığın bərpa olunmasına geniş imkanlar yaranmışdır. Bu ərazilərə öz axımı ilə suyun verilməsi, eyni zamanda, ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalması və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaqdır.

Qeyd edək ki, Suqovuşan su anbarı Tərtər rayonu Suqovuşan kəndi ərazisindən keçən Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 5,86 milyon m3 olan su anbarı 28 il müddət ərzində işğal altında olub.

Bu səbəbdən Tərtər rayonu 24 481 ha, Ağdərə rayonu 14 380 ha, Goranboy rayonu 6 938 ha, Yevlax rayonu 5 912 ha, Bərdə rayonu 12 620 ha, Ağdam rayonu 29 886 ha və Ağcabədi rayonunda 2 000 ha, ümumilikdə isə 96 217 ha torpaq sahələrinin su təminatında ciddi çətinliklər var idi. Bununla yanaşı, suyun buraxılmaması  çayda kəskin ekoloji problemlər də yaratmışdı.

Ali Baş Komandanımızın qətiyyəti və Şanlı Ordumuzun şücaəti sayəsində Dağlıq Qarabağ və ətraf rayonların tam olaraq işğaldan azad edilməsi və Sərsəng su anbarı da daxil olmaqla, işğal altında olan Xaçınçay, Aşağı Köndələnçay, Köndələnçay-I, Köndələnçay-II və Ağdam kənd su anbarlarının yenidən istifadəmizə qaytarılması çox yaxındadır. Torpaqlarımızın azad olunması Azərbaycanın mövcud su problemlərinin həllində mühüm rol oynayacaqdır.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!